Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqü Hüseynov iyunun 27-dən iyulun 2-dək Belarusun Mogilyov vilayətinin Bobruysk şəhərində keçirilən “Dostluq çələngi” festivalında ölkəmizi təmsil edib. 20-dən çox ölkənin iştirak etdiyi festivalda azərbaycanlı aktyorun çıxışı maraqla qarşılanıb.
Festivalın açılış günündə Şövqü Hüseynov görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin “Kəndimiz” mahnısı ilə tədbir iştirakçılarını salamlayıb və festivalda Patrik Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış monotamaşanı göstərib.
Bir çox festivallarda uğurla nümayiş olunan monotamaşa Belarusda da təqdirlə qarşılanıb. Bobruysk Şəhər İcraiyyə Komitəsinin internet saytında “Kontrabas” monotamaşası “Dostluq çələngi”nin proqramını açdı” başlıqlı yazıda aktyorumuzun uğurlu çıxış yüksək qiymətləndirilib, tamaşanın və aktyor oyununun intellektual, fəlsəfi tərəfləri haqqında müsbət fikirlər yer alıb.