İyunun 4-də Sumqayıt Dövlət Dram Teatrı Bakıda çıxış etdi. Kollektiv Süleyman Ələsgərov və İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz!" musiqili komediyası əsasında hazırlanmış "Toy olsun" tamaşasını S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində paytaxt sakinləri üçün oynadı.
Teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovun quruluş verdiyi tamaşanın bir özəlliyi də budur ki, əsas rollarda bir zamanlar Sumqayıt teatrına şöhrət qazandırmış komik cütlük - xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov çıxış edirlər.
Tamaşanın təhvil verildiyindən təxminən üç ay keçməsinə baxmayaraq, "Toy olsun" on dəfədən çox oynanılıb. Sumqayıtda hər nümayişi maraqla gözlənən tamaşa Bakıda da eyni hərarətlə qarşılandı. Səhnə əsərində Afaq Bəşirqızı və Valeh Kərimovdan başqa, Sumqayıt teatrının aktyorları - əməkdar artistlər Növrəstə Həşimova, İlahə Səfərova, Cəlal Məmmədov və İzaməddin Bağırov, aktyorlar Sədaqət Nuriyeva, Akif Mirzəyev və Oktay Mehdiyev çıxış edirdilər.
Gülcahan