Xəbər verdiyimiz kimi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən “Golden Sparkles European Music Festival"ında iştirak edirlər.
Ölkəmizin üçüncü dəfə təmsil olunduğu festivalda studiya fəalları Mehrin və Surin Vəlizadələr və Aylin Nəcəfli uğur qazanıblar.
İngiltərə, İtaliya, Rusiya, Ukrayna, Belarus, Fransa, Yunanıstan kimi ölkələrdən azyaşlı vokalçı-aktrisaların yarışdığı festivalda təmsilçilərimizin triosu münsiflər heyəti qarşısında rəqs və musiqinin sintezində “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa edərək müsabiqənin birincisi seçilib. Mahnını Azərbaycan və ingilis dillərində oxuyan balacaların milli geyimlərlə (modelyer Könül Vəlibəyli) təqdim etdikləri səhnəcik böyük maraqla qarşılanıb.
Bundan başqa, balacalar autizm sindromlu uşaqlara həsr olunmuş “Əlimdən tut” (musiqisi Vüqar Camalzadə, sözləri Cəmilə Allahverdiyeva) mahnısı ilə festivalın mahnı nominasiyasında ikinci yerə layiq görülüblər.
6-15 yaş arası uşaqları əhatə edən sənət bayramı barədə təəssüratını bölüşən studiyanın uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva “Sarı gəlin”ə təsadüfən müraciət etmədiklərini deyib: “Bilirsiniz ki, digər mədəni nümunələrimiz kimi bu xalq mahnımız da bədnam qonşularımız tərəfindən mənimsənilməyə cəhd edilir. Biz də təqdim etdiyimiz Qarabağ səhnəciyi ilə bu nümunənin xalqımıza məxsusluğunu bir daha isbat etməyə çalışdıq”.
Festivalda münsiflik etmiş "Addım" Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə balaca aktrisaların ifaçılıq qabiliyyətinin bütün münsifləri heyran etdiyini söyləyib.
G.Mirməmməd