İran paytaxtında ölkəmizin tarixini və müasir dövrünü əks etdirən fotosərgi açılıb
   
   Xəbər verdiyimiz kimi, İranda Azərbaycan mədəniyyəti günləri keçirilir. Mədəniyyət günləri çərçivəsində iyulun 4-də Tehrandakı İran İncəsənət Akademiyasında ölkəmizin tarixini və müasir dövrünü əks etdirən “Azərbaycan dünən, bu gün, sabah” adlı fotosərgi açılıb.
   Sərginin açılışında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Əli Muradxani, akademiyanın rektoru, bəstəkar, şair və rəssam Əli Müəllimi, incəsənət xadimləri, Tehran şəhər ictimaiyyəti, İranda yaşayan soydaşlarımız iştirak edib.
   Sərgi ilə tanışlıq zamanı nazir Əbülfəs Qarayev diqqətə çatdırıb ki, ekspozisiyada Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişafı, füsunkar təbiəti, tolerantlıq mühiti, islam dəyərləri, azsaylı xalqların məskunlaşdığı bölgələrimizdən bəhs edən 250-dən çox foto nümayiş olunur. Fotosərginin məqsədi İran ictimaiyyətini Azərbaycanın tarixi irsi və müasir inkişafı ilə tanış etməkdir.
   Nəzərə çatdırılıb ki, Azərbaycan tarixi inkişaf prosesində bir sıra mərhələlərdən keçib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həm Sovet İttifaqı dövründə, həm də müstəqillik illərində mədəniyyətin inkişafına xüsusi diqqət ayırıb. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda dini və tarixi abidələr bərpa edilərək xalqın istifadəsinə verilib. Ulu öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu siyasət nəticəsində ölkəmizdə bərqərar olan ictimai-siyasi sabitlik davamlı inkişafa mühüm zəmin yaradıb.
   Qeyd edilib ki, nümayiş olunan fotoların müəllifləri azərbaycanlı fotoqraflardır. Fotolarda ölkəmizin tarixi və dini abidələri, məscidləri, mədəniyyəti, turizm imkanları, neft sənayesi və s. əks olunub.
   “Azərbaycan dünən, bu gün, sabah” fotosərgisi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.