Azərbaycanda yaşayan tatar icması milli bayramlarını - “Sabantuy”u Suraxanı rayonundakı Heydər Əliyev parkında təntənəli şəkildə qeyd edib.
Mərasim Azərbaycanın, Rusiya Federasiyasının və Tatarıstan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov “Sabantuy” bayramının Suraxanıdakı Heydər Əliyev parkında keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirib. Qeyd edib ki, Azərbaycan və tatar xalqlarının dostluq münasibətləri ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə möhkəmlənib və bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Rusiya Federasiyası Tatarıstan Respublikasının Nazirlər Kabineti yanında Baş arxiv idarəsinin rəisi İrada Ayyubova respublika prezidenti Rüstəm Minnixanovun təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bayram şənliyində Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Artyom Barkov, Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov çıxış edib.
Çıxışlarda ölkəmizdəki multikultural şərait, tolerantlıq mühiti bu sahədə dövlət siyasətinin bariz nümunəsi kimi qiymətləndirilib. Qeyd edilib ki, hər il “Sabantuy” bayramının Azərbaycanda keçirilməsi də tolerantlığın əyani sübutudur.
Sonra iştirakçılar müxtəlif müsabiqələrdə bacarıqlarını nümayiş etdiriblər, qaliblər mükafatlandırılıb.