İyulun 4-də İsmayıllı rayon Uşaq kitabxanasında AMEA-nın Gənc alimlər və mütəxəssislər Şurası və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin birgə təşkilatçılığı ilə mədəni turizmin inkişafına həsr olunmuş silsilə seminarlar çərçivəsində “Mədəni turizmin əsasları” mövzusunda təlim keçirilib.
Elmi-Metodik Mərkəz ilə AMEA arasında əməkdaşlıq memorandumu əsasında təşkil olunmuş treninqin əsas məqsədlərindən biri respublikada turizm və mədəniyyət sahələrinin inteqrasiyasını təmin etmək, səmərəli əməkdaşlıq çərçivəsində mövcud imkanları müzakirə etməkdir.
Mərkəzin direktoru Asif Usubəliyev qeyd edib ki, turizm və mədəniyyət sektorunda problemlərin həllinə xidmət edən layihələr davamlı olaraq müxtəlif sahələrin mütəxəssislərinin iştirakı ilə digər regionlarda da təşkil olunacaq. Bildirilib ki, təlim turizm və mədəniyyət müəssisələrində çalışan əməkdaşların müasir peşəkarlıq keyfiyyətlərinə yiyələnməsinə xidmət edəcək.
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov və digər çıxış edənlər tədbirin əhəmiyyətindən söz açıblar.
Təlim zamanı mədəniyyət müəssisələri tərəfindən yerli və xarici turistlərə göstərilə biləcək mədəni xidmətlərdən söhbət açılıb, gənc əməkdaşlar arasında fikir mübadiləsi aparılıb, mövzuya dair təkliflər səsləndirilib.
Lalə