Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlının “Folklor və ədəbiyyat araşdırmaları” kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.
Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu elmi şurasının qərarı ilə çap olunmuş kitabın redaktoru filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, rəyçilər filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və filologiya üzrə fəlsəfə doktoru Tinatin Məmmədova, tərtib edəni isə Təranə Vəliyevadır.
Kitabda qırx ilə yaxın müddətdə elmi və ədəbi-mədəni mühitin içərisində olan M.Qasımlının elmi-nəzəri səpkidə yazdığı əsərləri, xüsusən də onun folklor və divan ədəbiyyatı, eləcə də çağdaş ədəbi həyat barədəki araşdırmaları yer alıb.
Kitab üç hissədən ibarətdir. Birinci və ikinci hissələrə müəllifin “Ozan-aşıq sənəti” və “Şah İsmayıl Xətainin poeziyası” monoqrafiyaları, üçüncü hissəyə isə aşıq sənətinin, bütövlükdə folklorumuzun dünəni və bu günü ilə bağlı müxtəlif vaxtlarda yazdığı məqalələr daxil edilib.