Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türk dünyasının ortaq qəhrəmanı Koroğlu haqqında fərqli bir tamaşa hazırlanacaq. Bu barədə Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırımla teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov arasında razılıq əldə olunub.
Bu ilin noyabrında Yunus Əmrə İnstitutu və teatrın təşkilatçılığı ilə “Eşqi Nigar” adlı səhnə əsərində təkcə tamaşa deyil, epos haqqında rəsm və kitab sərgisi də təqdim olunacaq. Layihənin reallaşmasında məqsəd Azərbaycan-Türkiyə ortaq mədəni dəyərlərini öyrənmək, türk dünyasının tanınmış qəhrəmanı Koroğlunun haqq-ədalət, kimsəsizlərə əl tutmaq kimi nəcib hisslərini gənc nəsillərə bir daha təqdim etməkdir.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın Bakı premyerası noyabrın ortalarında, Türkiyə Cümhuriyyətinin Bolu şəhərindəki nümayişi isə dekabrda nəzərdə tutulur.