Teatr Bolqarıstanın Varna şəhərində keçiriləcək festivala dəvət alıb
   
   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümə Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə yekun vurub.
   Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Anar Heybətov, Mirzə Ağabəyli, Elşən Cəbrayılov və başqaları ifa ediblər.
   Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
   Mətbuat xidmətindən onu da bildiriblər ki, Akademik Milli Dram Teatrı avqustda Bolqarıstanın Varna şəhərində keçiriləcək Beynəlxalq monotamaşalar festivalına dəvət alıb. Festivalda rejissor Anar Sadıqovun Əməkdar artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş olunacaq. Səhnə əsərində Ayşad Məmmədov özü çıxış edəcək.