İyulun əvvəlindən motosikletlə səfərə çıxan rusiyalı turist 3 min kilometr məsafə qət etdikdən sonra Azərbaycana gəlib. 27 yaşlı Yeqor Yakobi Rusiya Federasiyasının Başqırdıstan Respublikasındandır. Sahibkarlıqla məşğul olur, həm də səyahət həvəskarıdır.
Ölkəmizin şimalına səfər edən Y.Yakobi Qubada bir sıra tarixi yerlərdə, istirahət məkanlarında olub. Turist yerli sakinlərin ona münasibətindən, xüsusilə qonaqpərvərliyindən çox razı qaldığını bildirib.
Onun sözlərinə görə, səyahətinin əsas məqsədi fərqli mədəniyyətlərlə tanış olmaq, gəzdiyi yerlərdəki tarixi abidələri, eləcə də müasir memarlıq nümunələrini görməkdir.
Motosikletlə bir neçə dəfə Rusiyanı gəzən Yeqor ilk dəfə belə uzaq səfərə çıxıb. O, səyahət boyu çəkdiyi videoları öz “Youtube” səhifəsində yerləşdirir.
Azərbaycanla bağlı təəssüratlarını videobloqunda bölüşən rusiyalı səyyah hər kəsi mehriban insanları, gözəl təbiəti və tarixi məkanları ilə zəngin ölkəmizə dəvət edib.
Rusiyalı turistin Azərbaycandan sonrakı ünvanı qonşu Gürcüstandır. Orada səyahətini başa vurduqdan sonra Türkiyəyə səfər edəcək.