Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, kafedranın müəllimləri Pərvanə İbrahimova və Vəfa İsgəndərovanın “Jurnalistika. Dünyanın aparıcı informasiya agentlikləri, Azərbaycanda informasiya agentliklərinin təşəkkülü və inkişaf perspektivləri, beynəlxalq jurnalist hərəkatı” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.
   Fakültənin dekanı, dosent Vüqar Əliyev qeyd edib ki, dərs vəsaitində həm dünya, həm yerli xəbər agentlikləri, həm də bu informasiya resurslarını birləşdirən beynəlxalq jurnalist təşkilatları, onların yaranması və fəaliyyətindən bəhs edilir.
   “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, fakültənin müəllimlərindən Allahverdi Məmmədov, Sevinc Əliyeva və başqaları dərs vəsaitinin məziyyətlərindən bəhs ediblər.
   Kitabın məsləhətçisi AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, elmi redaktorları professorlar Cahangir Məmmədli, Nəsir Əhmədlidir.