İran İslam Respublikasının mədəniyyət və islam irşadı nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezaminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər Azərbaycan Mətbuat Şurası ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və informasiya departamenti arasında ötən ilin noyabrında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində gerçəkləşib.
Mətbuat Şurasından verilən məlumata görə, İran nümayəndə heyətinin tərkibinə Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat işləri üzrə planlama şurasının üzvü Həmidrza Asəfi, xarici KİV-lərlə iş üzrə baş direktor Məhəmməd Cəfər Safi, İranın “Xəbər Onlayn” agentliyinin baş redaktoru Cavad Məhacer, “Naşravran” təşkilatının idarə heyətinin üzvü Seyid Cəfər Haşemi və İran Xarici İşlər Nazirliyinin Media və ümumi siyasət idarəsinin rəis müavini Həmid Əhmədi daxildir.
Səfər proqramında nümayəndə heyətinin Azərbaycanda rəsmi şəxslərlə, millət vəkilləri ilə görüşlərinin, KİV rəhbərləri ilə ümumi toplantısının keçirilməsi, ayrı-ayrı redaksiyalara baş çəkməsi, ölkəmizin tarixi yerlərinə səyahətləri nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və informasiya departamenti arasında imzalanmış əməkdaşlıq memorandumunda hər iki ölkənin jurnalistika ilə əlaqədar qurumlarının nümayəndələrinin, habelə KİV-lərinin təmsilçilərinin qarşılıqlı səfərlərinin təşkili, birgə toplantıların keçirilməsi, təcrübə mübadiləsinin aparılması və s. tədbirlər nəzərdə tutulur.