İyunun 8-də Fransanın Azərbaycandakı səfirliyinin Fransa İnstitutunda tanınmış kinorejissor Ziya Şıxlinskinin «Foto Artist» filminin təqdimatı keçirildi.
   Film dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Deqətiyə həsr olunub. Bildirildi ki, fotoqraf Fransa vətəndaşı olduğuna və Parisdə yaşadığına görə, filmin təqdimatı da məhz bu məkanda baş tutur.
   Rejissor Ziya Şıxlinski filmin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və köməyi ilə çəkildiyini bildirdi. Film bu ilin yanvar-fevral aylarında ərsəyə gəlib: “Novruz bayramında Reza Deqəti Bakıya gələndə filmi ona göstərdim. Baxıb filmdən razı qaldığını dedi. Dedi, sizin üçün nə edə bilərəm. Dedim, fotoşəklimi çəkin. O da mənim şəklimi çəkdi. Elə gözəl çəkib ki, mən o şəkillərdə həyatda olduğumdan da gözəl çıxmışam. Bu da onun böyük istedadından xəbər verir».
   Rejissorun sözlərinə görə, məşhur fotoqraf özü Bakıya payızda gəlməyi planlaşdırır: «Bakıda Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə fotoqrafın sərgisi keçiriləcək. Bu filmi də həmin sərgidə böyük auditoriya qarşısında nümayiş etdirəcəyik».
   Sonra 13 dəqiqəlik film nümayiş olundu. Fotoqrafın müxtəlif müharibə zonalarında - Ruanda, Bosniya, Əfqanıstan, Pakistan, eləcə də Azərbaycanda çəkdiyi müharibə səhnələri və bu müharibələrdən insanların necə əziyyət çəkməsi dərin təəssürat yaradır. Dünyanın müxtəlif nöqtələrində yaşayan insanların eyni bəladan - müharibənin törətdiyi ağrı-acıdan əziyyət çəkmələri R.Deqətinin özünün də vaxtilə dediyi kimi, «Bütün bəşər bir ailədir» fikrini isbatlayır.
   Qeyd edək ki, Reza Deqəti 1952-ci ildə Təbrizdə doğulub. "Frans-Press" agentliyində işləyib, "Newsweek" üzrə Tehran müxbiri kimi çalışıb, “Time” jurnalının Yaxın Şərq müxbiri olub. Əfqanıstanda BMT proqramı üzrə məsləhətçi işləyib. UNİCEF üçün fotoşəkillər çəkib, “National Geographic” jurnalının sifarişlərini yerinə yetirib.
   
   Mehparə