Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində “Torpaq və insan” adlı beynəlxalq kinofestival keçirilib. Festivalda Azərbaycan, Almaniya, Rusiya, Qazaxıstan, Türkiyə və digər ölkələrin audiovizual məhsulları nümayiş olunub.
Azərbaycanı festivalda “Bir addım” qısametrajlı bədii filmi təmsil edib. Filmin rejissoru Fariz Əhmədovun verdiyi məlumata görə, “Bir addım” festivalın “qısametrajlı bədii film” nominasiyasında “ən yaxşı səs rejissoru işinə görə” diplomuna layiq görülüb.
“Bir addım” qısametrajlı bədii filmi indiyədək 20-dən artıq beynəlxalq festivalın müsabiqə bölməsində Azərbaycanı təmsil edib, müxtəlif mükafat və diplomlara layiq görülüb. Film 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran-2008” müsabiqəsinin qalib kino layihəsi kimi istehsal olunub.