Ukraynanın Simferopol (Krım Muxtar Respublikası) şəhərində yaşayan gənc rejissor Nabat Həsənova “Qızıl Çarli” Beynəlxalq uşaq və gənclər kinosu festivalının təmsilçisi kimi “Bumeranq” Ümumrusiya Uşaq və Gənclərin Ekran Yaradıcılığı Forumunun mədəni proqramında iştirak üçün dəvət alıb.
   
   Forum sentyabrın 7-27-də Krasnodar diyarının Tuapse şəhərindəki “Orlyonok” Ümumrusiya Uşaq Mərkəzində keçiriləcək. Bu barədə Krımın Azərbaycan icmasının sədri Rəhim Hümbətov məlumat verib.
   Nabat Həsənovanın rejissor debütü olan “Sadəcə bağışla” bədii filmi əxlaqi mövzuda çəkilmiş ən yaxşı film kimi Simferopolda keçirilən “Qızıl Çarli” Beynəlxalq uşaq və gənclər kinosu festivalının diplomuna layiq görülüb. Nabatın bu filmdə həm də aktrisa kimi debütü olub.
   Hazırda yeni filmlərin ssenariləri üzərində çalışan N.Həsənova Rusiyada keçiriləcək müsabiqə üçün üç film və bir sosial reklam çəkməyi planlaşdırır, habelə bu il nəşr etdirməyə hazırlaşdığı kitab üzərində çalışır.
   Nabat Həsənova yaradıcılıqla uşaqlıqdan məşğul olur. Krımın Azərbaycan icması nəzdində fəaliyyət göstərən və müxtəlif festival və müsabiqələrdə mütləq mükafatlı yerlərə layiq görülən “Cücələrim” ansamblında çıxış edib. Simferopolda 15 saylı məktəbin şagirdi olan Nabat 11-ci sinfə keçib.