“Buta Airways” aviaşirkətinin biletləri satışa buraxılıb
İyulun 11-dən “Buta Airways” aşağıbüdcəli aviaşirkətin aviabiletlərinin satışa buraxıldığı rəsmi saytı işə başlayıb. Şirkətin mətbuat xidmətindən bildirilib ki, www.butaairways.az saytı üç dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Aviaşirkətin ilk reysi sentyabrın 1-də Tbilisiyə planlaşdırılıb.
İlk mərhələdə aviaşirkət Bakıdan Moskva, Kiyev, Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək. Qış mövsümünün başlanması ilə (oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq da əlavə olunacaq.
Bütün istiqamətlər üzrə bir tərəfə uçuş qiyməti 29 avrodan (bir tərəfə) başlayır. Lou-kost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.
Minimal tarif ilə alınan aviabiletlər qaytarıla və ya dəyişdirilə bilməz. Bu barədə ətraflı saytın “Biletlərin qaytarılması və dəyişdirilməsi” səhifəsində məlumat almaq mümkündür.
Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz olaraq təqdim olunacaq. İsti yeməyi aviabiletin alınması prosesi zamanı öncədən sifariş etmək mümkün olacaq. Menyu “Təyyarədə qidalanma” səhifəsində yer alıb. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltı almaq mümkün olacaq.
24 saat fəaliyyət göstərən çağrı mərkəzi ilə +994 (12) 493 14 14 telefon nömrəsi (Azərbaycandan zənglər üçün qısa nömrə *0808 fəaliyyət göstərəcək), callcenter@butaairways.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq və ya saytdakı əlaqə forması vasitəsilə məktub yazmaq olar. Bütün yeniliklər və xəbərlər “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində də təqdim ediləcək.
“Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. Aviaşirkətin əsası 2016-cı ilin dekabrında qoyulub. Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir.