Gəncə şəhərində yeni yaradılan Mirzə Şəfi Vazeh muzeyi binasında və eyniadlı parkda tikinti işləri yekunlaşıb. Hazırda muzeyin ekspozisiyasının tərtibatına və burada nümayiş etdiriləcək eksponatların toplanmasına başlanılıb.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Gəncədə tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlər davam etdirilir. Bu məqsədlə XIX əsrin mütəfəkkir şairi Mirzə Şəfi Vazehin adını daşıyan muzey və park yaradılıb.
İki mərtəbədən ibarət olan bina qırmızı bişmiş kərpicdən, XIX əsrin birinci yarısına xas olan Avropa memarlıq üslubunda tikilib. Muzeyin ətrafında geniş ərazidə salınan parkda şairin heykəli ucaldılıb. Heykəlin arxasındakı divara mozaika işləmələrlə Mirzə Şəfi Vazehin və onun müasirləri olan Fridrix Bodenştedtin, Abbasqulu ağa Bakıxanovun, Qasım bəy Zakirin, Mirzə Fətəli Axundzadənin, eləcə də bir sıra tarixi şəxsiyyətlərin süjetli təsvirləri həkk olunub.
Muzeyin gələcək fəaliyyəti haqqında da danışan Elmar Vəliyev bildirib ki, binanın birinci mərtəbəsində vaxtilə şairin özünün təşkil etdiyi eyniadlı “Divani hikmət” ədəbi məclisi fəaliyyət göstərəcək. Burada Yazıçılar Birliyinin Gəncədən olan üzvlərinin, həmçinin ətraf bölgələrdən olan yazarların yeni əsərlərinin müzakirələri və kitablarının təqdimatı keçiriləcək.
İkinci mərtəbədə isə Mirzə Şəfi Vazehin bədii irsini özündə əks etdirən eksponatlar, dünyanın müxtəlif muzey, kitabxana və arxiv fondlarında saxlanılan, şairin yaradıcılığı ilə bağlı olan ayrı-ayrı sənədlərin surətləri, eləcə də XIX əsrin birinci yarısına aid müxtəlif əşyalar nümayiş etdiriləcək.