...Onun adı da Bəxtiyardır, özü də! Düzdür, özündən soruşmamışam ki, adınız özünüzə yaraşır, ya da doğrudan da bəxtiyarsınız. Amma sevdiyi, həm də bacardığı işlə illərdən bəri tükənməyən səbir və hövsələ ilə məşğul olursa, bütün çətinliklərə rəğmən, başladığı işi davam etdirirsə, ətrafında onu sevən dostları, yetirmələri, həssas tamaşaçıları varsa, üstəlik, gördüyü iş də dəyərləndirilirsə, deməli, bəxtiyardır!
Ötən həftə (13 iyul) ĞQərib cinlər diyarındağnın Qəribi, ĞOvsunçuğnun Rəsulu, ĞCavid ömrüğnün Abbas Mirzəsi, Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı, Xalq artisti Bəxtiyar Xanızadə 60 yaşın dizini vurdu yerə! İnanmırsınız? Əslində, pasportdakı tarixə baxsan, deyərsən ki, niyə də yox?.. Sənətdəki ömründə bu boyda iş görüb, Azərbaycanda pantomima teatrının təməlini qoyub, neçə-neçə gözəl aktyor, rejissor ondan dərs alıb, yenə də 23 il əvvəl yaratdığı teatrın başındadır, əvvəlkitək cavanları başına yığıb onları sənətin dərinliklərinə və zirvələrinə doğru aparır. Üzündən də bilinir ki, yaş altmışdır. Saqqalı saçından da tez ağarıb. Amma elə ki baxışlarını zilləyirsən onun ətrafa nur seli yayan gözlərinə və ziyalı gözlərinin cavab baxışından özünü itirib gözlərini qaçırmırsan, - elə zənn edirsən ki, qarşındakı cavan oğlandır. Bəs necə?! Simasında uşaqlıqdan yeniyetməliyə, yeniyetməlikdən cavanlığa daşıdığı azalmayan sevginin təzahürünü görüncə çaşırsan ki, yox, altı onilliyi xırdalamış adamın üzündə bu qədər ovsun dolu ifadə ola bilməz. Demə, olurmuş...
* * *
Heç Pantomima teatrının binasında olmusunuz? Olmusunuzsa, teatrın profilinə, qoyulan tamaşaların janrına müvafiq olaraq qara rəngin bol yaxıldığı yığcam salonda işığın sehrini də hiss etmisiniz yəqin. Deməyim odur ki, belə bir sənət ovsunlu məkanda tam rəsmiyyət də mümkün deyil. Elə Mədəniyyət və Turizm Nazirliyi adından Bəxtiyar Xanızadəni təbrikə gələnlər də teatra yad adamlar deyil. Elə illərdən bəri bu teatra dəstək olanlardır. Yeri gəlmişkən, dünyanın cəmi iki ölkəsində pantomima teatrı dövlət statusu daşıyır: biri bizdədir, bir də Gürcüstanda.
Təbii ki, nazir müavini, teatr bilicisi Ədalət Vəliyevin Bəxtiyar Xanızadəyə təbriki də xoş sözlərdən, ümid dolu arzulardan ibarət oldu, yubilyara nazir Əbülfəs Qarayevin imzası ilə təltif olunduğu ĞFəxri mədəniyyət işçisiğ döş nişanını təqdim etdi. Ədalət müəllim təbrik nitqində bizim cəmiyyətin bəlkə də teatrı düşünəcək halda görünmədiyi zamanda - çətin 90-cı illərdə ĞHim-Cimğ festivalı ilə başlayan, sonra da ĞDəli yığıncağığ adı ilə davam edən pantomima teatrının təşəkkülündən, bu kollektivin Azərbaycan mədəniyyətini şərəflə təmsil etməsindən danışdı. O danışdıqca da Bəxtiyar müəllim simasındakı heyrət dolu sevinc ifadəsi ilə sanki bütün deyilənləri özü etməyibmiş kimi dinləyirdi. İnsanın teatr, sənət sevgisi nə boyda olarmış! Digər tərəfdən də baxanda bu münasibət gərək qəribə görünməsin. Axı, yubilyar Ğbu dünyada teatrdan başqa heç nə ilə ciddi məşğul olmağa dəyməzğ kəlamının müəllifidir.
* * *
...Bəxtiyar müəllim minnətdarlıq cavabından sonra bir etiraf etdi. Dedi ki, bu gün teatrın aktyorları nə hazırlayıblar, kimlər çıxış edəcək, aparıcı kimdir, - bilmir. Aktyorlar teatrın bədii rəhbəri, sənət müəllimləri üçün sürpriz hazırlayıblar.
Doğrudan da, bədii proqram əsl sürpriz idi. ĞQərib teatr diyarındağ adlı videoçarxla başlayan, sonra da teatr məkanında canlı davam edən proqram improvizələrdə, maraqlı yozumlarla, xoş zarafat və səmimi təbəssümlə dolu idi. Proqramın aparıcısı, Bəxtiyar müəllimin ilk yetirmələrindən biri, bu gün isə tanınmış kinorejissor Rövşən İshaq isə hələ ĞDəli yığıncağığndan əxz etdiyi sadəlik və təvazökarlıqla ĞAktyorlar geyimlərini dəyişincə kim istəyirsə, çıxıb yubilyar barədə ürək sözlərini deyə bilərğ kimi dostcasına qonaqlara müraciət etdi. Tanınmış rejissorlar xalq artistləri Ramiz Həsənoğlu və Oktay Mir Qasım, əməkdar artistlər Gülzar Qurbanova və Məmməd Səfa, uzun illər bu teatrda çalışmış Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Sahib Novruzov, aktyor Faiq Mirzəyev yubilyara təbriklərini çatdırdılar. Nə dedilər, nə danışdılar, geniş yazmayacağam.
Amma bir-iki fikir söylənildi ki, bunları paylaşmaya bilmirəm.
ĞBəxtiyar, sən valideyn eqoizmindən uzaq teatr rəhbəri, müəllimsənğ - Bəxtiyar Xanızadənin simasında Abbas Mirzə Şərifzadəni (ĞCavid ömrüğ) ekrana çıxarmış Ramiz Həsənoğlu.
ĞBəxtiyar, mənim 74 yaşım var. Deyə bilmərəm ki, 30 yaşımda indikindən daha xoşbəxt idim. Mən xoşbəxtliyin nə olduğunu indi daha yaxşı anlayıram. Xoşbəxt olğ - Bəxtiyar Xanızadəni el təbibi Rəsul kimi beynəlxalq festivallarda tanıtmış (ĞOvsunçuğ) Oktay Mir Qasım.
* * *
...Teatrın aktyorları cilddən-cildə girir, teatr aləminə düşmüş Qəribi - ĞQərib cinlər diyarındağkı Qərib obrazı ilə sənətə gəlmiş Bəxtiyar müəllimin ilk böyük rolunun prototipini canlandıran Əməkdar artist Bəhruz Eldaroğlu nə cinlərə uyur, nə də dünyanın qədim və məşhur teatr məktəblərinin təmsilçilərinin dil tökərək onu öz tərəflərinə çəkmək istəyinə! Qəribin məqsədi öz teatrını yaratmaqdır! Əsl prototip isə birinci cərgədə əyləşib, azacıq irəli əyilərək gözlərini bu oyundan çəkmir. Sanki seyr etdiklərini teatr sehri ilə dalğalanan göz yaddaşının lap ənginliyinə yığmaq istəyir. Tanımayan olsa, bəlkə də düşünər ki, deyəsən, teatra ilk gəlişidir bu insanın. Ömrünü sənətə vermiş kəs məntiqlə bu yaşınadək teatrdan tam doymasa da, gərək bir qədər tox ola... Amma söhbət teatr ovsunundan gedirsə, burada yaş, təcrübə və s. keçir arxa plana...
* * *
...Mən Bəxtiyar Xanızadəni teatr səhnəsində oynayan görməmişəm. Bildiyim qədər, Tədris teatrının səhnəsində çıxış edib. Aktyor kimi kino bioqrafiyası da zəngin deyil. Qırx ildə 10-dək filmdə rol alıb ki, onlardan ən yaddaqalanı üç roldur: Qərib, Rəsul, Abbas Mirzə. Qismətə bax ki, bu obrazların hər üçündə az, ya çox bir sehr var. Qərib serli nağıl filminin baş qəhrəmanıdır. El təbibi Rəsul ətrafındakı hər kəsdən daha çox təbiətə, tanrıya bağlılığı, fitri istedadı ilə ovsunçu sayılır, Abbas Mirzə də ki Azərbaycan milli teatrının təşəkkül dövrünün əfsanəvi aktyoru. Bu üç obrazın gəlib bir ifaçının şəxsində ekran həyatı yaşamasını bir sirri-xuda saymaq olar. Çünki aktyor-rejissor özü başdan-ayağa bir sənət ovsunçusudur. Teatrın ştatı, binası olmayanda da, hətta teatr aləmindəki başbilənlərin bir qismi pantomima janrının Azərbaycanda ayrıca teatr kimi yaşayacağına şübhə edəndə də Bəxtiyar öz ideyasından əl çəkməyib. Tələbələrini, ardıcıllarını, ondan nəsə öyrənmək istəyənləri bir araya yığaraq bu teatrı yaşadıb. Bu yerdə XX əsrin dünya şöhrətli mimi Marsel Morsonun bir sözü yadıma düşür: ĞBiz ən yaxşı ağaclardan yonulduqğ.
* * *
Bəxtiyar Xanızadə sənət ovsunçusudur. Onunla əməkdaşlıq edənləri, tələbələrini, tamaşaçılarını öz sənət cazibəsində saxlamağı bacaran, qarşısına çıxan çətinliklərlə çarpışmağı, maneələri aşmağı bacaran sənət ovsunçusu. Bu halı ilə də, hünəri ilə də bəxtiyardır.
Gülcahan Mirməmməd