İyulun 16-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci teatr mövsümünə yekun vurdu. İki seans oynanılan "Tıq-tıq və Taq-taqın nağılı" tamaşasının ardınca qurulan musiqili-mükafatlı məclisə böyük yaşlı tamaşaçılar, bir də mətbuat nümayəndələri təşrif buyurmuşdu. 
   Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə mərasimi açaraq son iki mövsümdə bu məkanı paylaşdıqları "Yuğ" Dövlət Teatrının direktoru Tərlan Rəsulovu və baş rejissoru Gümrah Öməri də kuklaçıların baş rejissoru Qurban Məsimovla birlikdə səhnəyə dəvət etdi. Direktor mövsüm ərzində 6 yeni tamaşanın təhvil verildiyini, teatrın 85 və Əməkdar artist Rəhman Rəhmanovun 60 illik yubiley tədbirlərinin keçirildiyini, "Zəng" mono-tamaşasının Qazaxıstanda, teatrın nəzdindəki "Oyuq" uşaq teatr-studiyasının "Sarı gəlin" kompozisiyası və "Əlimdən tut" mahnısı ilə Bolqarıstanda uğur qazandığını xatırlatdı. Dedi ki, Astanada keçirilən festivalda aktyor Rəhim Rəhimovun oynadığı "Zəng" tamaşası bizə daha üç festivala dəvət, tamaşanın müəllifi Qurban Məsimova isə Qazaxıstan və Qırğızıstanda tamaşa hazırlamaq təklifi qazandırdı. 
   Direktor növbəti mövsüm üçün planlardan da danışdı, teatrın uğurunda əməyi olan hər kəsə, o cümlədən bu nailiyyətləri ictimaiyyətə çatdıran və peşə bayramını qeyd etməyə hazırlaşan jurnalistlərə minnətdarlığını bildirdi. 
   Elə mükafatlara da mədəniyyət jurnalistlərindən başlanıldı. Teatrın 85 illik yubileyini və mövsüm ərzində fəaliyyətini daha yaxşı işıqlandırdığına görə təltif olunan media nümayəndələri arasında bu sətirlərin müəllifi də vardı.
   Bolqarıstanda ikincilik qazanmış "Əlimdən tut" mahnısının bəstəkarı Əməkdar incəsənət xadimi Vüqar Camalzadə və mahnının sözlərinin müəllifi - aktrisa Cəmilə Allahverdiyeva mükafata layiq görüldü. Aktyorlar Elmira Hüseynova, Rəhilə İbadova, Cavid İbrahimov, Vüsal Hüseynov, Elnur Abbasquliyev, Araz Həsənli və başqaları, rəssamlar Əfşan Əsədova və Rəvanə Yaqubova, "Oyuq"çular və studiyanın üzvlərinə sənət dərsi keçən Əməkdar artist Firuzə İbadova və Elza Seyidcahan, modelyer Könül Vəlibəyova da mükafatlandırıldı. 
   "Oyuq" studiyasının çıxışları, populyar tamaşalardan göstərilən parçalar Kukla Teatrının mövsüm finalı törəninə xüsusi şənlik qatdı. 
   Beləcə, paytaxtın daha bir teatrı istirahətə yollandı. Payızda yenidən görüşərik! 
   
   Gülcahan Mirməmməd