Dekabrın 10-da Müasir İncəsənət Mərkəzində Səlim Babullaoğlu və Elxan Zalın «ON» şeirlər kitabının təqdimatı keçirildi.Təqdimat mərasimini Azərbaycan Yazıçılar Birliyinin katibi, «525-ci qəzetin» baş redaktoru Rəşad Məcid aparırdı. Hər iki müəllifdən on şeirin salındığı kitabda aparıcı media- televiziya və qəzet rəhbərlərinə müəlliflərin imzaladıqları «ON» bəyanatı da yer alıb. Bəyanatda deyilir: «On - bu günün tarixidir, adıdır, yəni, bu gün dekabrın 10-dur. On - bu bizim hər birimizin bu kitabçaya və kitabça vasitəsi ilə oxucuya etibar etdiyimiz şeirlərimizin sayıdır. On - rasionallığın sonu, metafizikanın başlanğıcıdır, ayrılıqda yoxluq ifadə edən sıfır birin, başlanğıcın yanında durmaqla onu qüvvətləndirir. Söz də yoxluqdan doğur, insanı-fərdi-təki-biri qüvvətləndirir. Şeir də metafizik hadisədir. On - ingiliscə bir mənasıyla üstündə deməkdir, poeziya dilin üstündəki hadisədir, fövqəldil hadisəsidir. On - on dekabr, “İnsan Haqları Bəyannaməsi”nin qəbulu günüdür, insanın ilk haqlarından biri danışmaq, danışmağın haqqının ən gözəl halı poeziyadır. On - ədəbiyyat üzrə Nobel mükafatının hər il öz ünvanına çatdığı gündür. On - sadəcə olaraq bizim seçdiyimiz gündür və bu gün biz sizlərə-əziz mətbuat işçiləri, telekanalların rəhbərləri, qəzet baş redaktorları müraciət edib demək istəyirik ki, müasir və ciddi ədəbiyyyata diqqəti artırın, bu dilə diqqətiniz olacaq; musiqi əvəzinə eşitdiyimiz dınqıltı, şeir əvəzinə eşitdiyimiz sayıqlamalar bir gün bizim də, Sizin də, bizim uşaqlarımızın da əleyhinə çevriləcək; Sizin hər birinizin ildə bir neçə dəfə, hətta hər ay, bu gün bizim sizə təqdim etdiyimiz 40-50 səhifəlik bu kitabçalar formatında həm dünya ədəbiyyatından, həm də milli ədəbiyyatımızdan ciddi şeir nümunələrini çap edə bilərsiniz. 100 tirajla, 200 tirajla. Bu kitabları çox asanlıqla kafelərdə, hotellərdə, metrolarda realizə eləmək olar, bu sizin reklamınız olar. Bir anlıq təsəvvür edin, iki nəfər çörək yeyir və hesabı verəndə 40 qəpik, 60 qəpik artıq pul ödəyir. Əvəzində bir kitab alır. Razılaşın bu onun büdcəsinə təsir eləməz. Yaxud hər hansı telekanal bir gün onun studiyasına gələn hər bir qonağına kitab hədiyyə edir. Və ya təsəvvür edin metro kartı alan adamlara kartla birlikdə həmin kitabçalardan hədiyyə edirlər. Yəni, bir populyar qəzet, telekanal və müəssisə üçün bütün məsrəfləri 70-100 manat olan 100 tirajlıq kitabı çap eləmək, özü də bu aksiyanı ildə bir neçə dəfə eləmək nə çətin məsələdi ki? Bundan bizim hamımız sevinmərikmi ki? Əlbəttə, sevinərik. Bəs niyə sevinmək istəmirsiniz?” Həmçinin kitabda müəlliflərin yaradıcılıqları haqqında tanınmış yazıçı və şairlərin fikirlərindən seçmələr də yer alıb. Eyni zamanda kitabda Azərbaycanda «SEL» Modern Şeir Teatrının yaranması haqqında bilgi də vardır. Məlumatda deyilir: «10 dekabr, 2008-ci il Azərbaycanda ilk şeir teatrının yaranma günüdür. Niyə sel? Yəqin ona görə ki, sel- axın poeziyanın xislətini bildirən ən doğru addır. Bu həm də təsisçilərinin adlarını özündə ehtiva edir. Teatrın məqsədi ciddi, müasir milli və dünya poeziya nümunələrini populyarlaşdırmaq, səhnəyə çıxartmaq, yeni poetik estrada imkanlarını faş etmək, onu hamının malına çevirməkdir. Teatrın təsisçiləri də - Səlim Babullaoğlu və Elxan Zaldır. Gələn il üçün teatr Səlim Babullaoğlunun «İlyas Göçmənin şəkil dəftəri» və Elxan Zalın «Polonez» silsilə şeirlərinin teatral versiyalarını hazırlamağı düşünür. Eyni zamanda teatr həm Azərbaycan və dünya poeziyasına müraciət etməyi planlaşdırır. Ədəbi-bədii tədbir kitab müəlliflərinin şeirlərini öz ifalarında səsləndirmələri ilə başa çatdı.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar