AMEA-nın Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərlinin «Ordubad şəhərinin müsəlman epiqrafikası abidələri» adlı yeni kitabı nəşr olunub. Ordubad şəhərində qeydə alınmış XIV-XX əsrlərə aid müsəlman kitabələrinin tədqiqindən bəhs edən müəllif bu şəhərin tarixinə qısa nəzər salaraq, Azərbaycanın orta əsrlər dövrü tarix və mədəniyyətinin müxtəlif problemlərinin öyrənilməsində bu abidələrin əhəmiyyətini açıqlayıb. Kitabda İslamdan sonra meydana gələn müsəlman epiqrafikası abidələrinin regionumuzun ayrı-ayrı bölgələrində müxtəlif səviyyədə yayılması, müsəlman epiqrafikası abidələrinin zənginliyi cəhətdən Ordubad şəhərinin xüsusilə seçildiyi, Came məscidinin ətrafında, şəhər qəbiristanlığında və digər bölgələrdən tapılan kitabələrin müsəlmanlara aid olduğu bildirlir.
   Müsəlman abidələri haqqında xeyli məlumat toplanılmış monoqrafiyada inşaat və xatirə kitabələri tarixinə də nəzər salınır, inşaat kitabələrindən tarixi-memarlıq abidələrinin təyinatı, inşa tarixi, sifarişçisi, memarı haqqında ətraflı məlumat verilir.
   Qəbiristanlıqlarda tədqiq olunan məzarüstü kitabələrin məlumatları əsasında həmin məzarlıqların mənsub olduqları bir sıra yaşayış məskənlərinin yaşı, təxmini də olsa, təyin olunub, elmi dövriyyəyə daxil edilib. Kitabda kitabələrin köməkliyi ilə bir neçə yaşayış məntəqəsinin adlarının da dəqiqləşdirildiyi göstərilir.
   Məlumat üçün qeyd edək ki, kitabələrin fotoşəkilləri və qrafik təsvirlərinin də yer aldığı monoqrafiyada 176 kitabə haqqında ümumi məlumat toplanılıb.
  
    “Mədəniyyət”