bu dünyaya misra-misra baxan zərif təbli bir şair də gəlib-getdi - Akif Səməd adında...
   
   Qırx beş yaşında getdi...
   “Qiblə yelləri”, “Uzaqlardan gəlirik”, “Adəmdən”, “Özümə yol” kitablarını qoydu getdi... 
   Dünyaya iyulda (1959) gəlmişdi, iyulda da (2004) getdi... 
   Gəlişinin siftə ser-sevincinə simsarları batıb, gedişinin kədərinə - AYB-nin “Natəvan” klubundakı tədbirdən birlikdə çıxıb, yolun o tayınacan birgə keçdiyi dost-tanışları...
   Deyirlər, o tədbirdəki çıxışından dirilik dalğalanan bu şairin sonda söylədiyi şeiri öz tale akkordu kimi də səslənirmiş: 
   
   Yarpaqlarım yavaş-yavaş tökülür,
   Öz-özümdən aralanıb gedirəm.
   Bir bostanam, tağlarımı çor vurur,
   Payızımdı - uralanıb gedirəm...
   
   Məsələ burasındadır ki, dünyalararası ölüm “obraz”ı Akif Səmədin kitablarının hamısında var və özü də çox canlı halətdə, diri nam-nişanda; “Vətənə yük olarsam, Ölüm köməyim olsun” (X.Məmmədov), “Dünya duracaq yer deyil, ey can, səfər eylə” (Nəsimi) fəlsəfələri qapsamında...
   
   Bu “obraz”a qədərsə... 
   
   Hə, söhbət ölümdən əvvəlki obrazdan - yalnız bu dünyaya məxsus olumdan gedir...
   Nəqli-nəsri nəzərlə çox nüansı görünməyən bu əkiz obrazlara bu şairin poetik baxışıyla da baxaq:
    
   Doğru-düzünə yaşasan,
   Halal sözünə yaşasan,
   Ömrü özünə yaşasan,
   Qardaş, ölüm nəmənədi?!.
   
   Görürsüzmü, sayın oxucu həmkarlarım, fərqindəsizmi, bu şair bizim hamımızı (haçansa...) gözləyən ölümü “özəlləşdirərək” necə gözəlləşdirib? Özü də, başqa şeirlərində yaşamağa səslədiyi, sevdiyi, tanıdığı, anladığı insanlara “özündən bəri bax”, “ağzından çıxsın, qoynuna dolsun” kimi incik-iradlara ayaq yeri qoymadan... 
   Bu sayaq duyğuların bu şairin tək elə əlindəki qələmdən, beynindəki şairlik hücrəsindən gəlmədiyi qənaətimlə də şərik olarsız, yəqin. Həm də ona görə ki, bu qənaəti onun şeirlərindəki ruhani duyum-uyumlar da təsdiq etmədə: 
   
   Daşda bitən kolmuşam,
   Öz-özümü yolmuşam,
   Özümdən yol almışam,
   Özümə yol gedirəm...
   
   Yaxud: 
   
   Zəmidə bağrı xal lala -
   Mənimlə başlanan dünya,
   Qoymurlar özümə qala -
   Mənimlə başlanan dünya...
   
   Bizim çağdaş poeziyada “təbiət şairləri” “cəmiyyət şairləri”ndən çox. Belə bir tənasübdə seçilmək çətin. Bu dağ-daş və “adam-badam” sevdalı şair bu əbədi qoşasubyektli zövq “dilemma”sından çıxış yolunu, “özündən xəbərsiz”, “Görəsən necədi murazın rəngi, Gözümə çəkilib Arazın rəngi” kimi “təbiət-cəmiyyət” çulğaşmalarında da axtarır və hərdən “evrika”lı anlar da yaşayıb-yaşadırdı:
   
   Yadındamı, qardım -
   Səhraya yağardım,
   Əvvəl də mən vardım,
   Sonraya da varam...
   
   Bu sayaq ruhani-irfani duyğuları bəlirləyib (hələ qəzet-kitablanmamış halında ikən - hələ xəyalındakı) oxucuya yaşatmaq üçün, gərək onları yuxadan-boyata yaşayasan. Gərək təbii qanunlara tabe ömürdə gizlənəsi günlərə elə nişanlar vurasan ki, sonralar tapacaqlarına tapına biləsən. Bu şair də, “özünüaxtarış”lar sonunda peşmançılıq çəkməyənlərdəndir. Bu axtarışların biri də, fikrimcə, müasir poetik təvazökarlıq nümunəsi və Söz cəbhəsi nümayəndələri qismindən örnək sayılası (ustad sələflərindən bizə məlum “Oyadar xəlqi əfğanım - Qara bəxtim oyanmazmı?”, “Bir ondan razıyam ki, özümdən narazıyam” və s.) aşağıdakı bənd: 
   
   Sonuna çıxmışam ömrün
   Otuz doqquz otağının,
   Hələ dərdin yazammadım,
   İydənin bir budağının...
   
   Bu fikrin başqa bir müstəvidə təqdimi də var (duyuqluqçün deyim ki, burada şair özünə xitab edir):
   
   Səni özümdə görürəm,
   Görməyin bilinməz sənin,
   Daşı divara hörürəm,
   Hörməyin bilinməz sənin...

   Akif Səməd öz yaradıcılığı ilə (yəni, digər heç bir yazılı-nitqi elan-aman etmədən) ustad şairlər, xas aşıqlar diyarında doğulduğunu qırx beşinə çatmadan da bəyan edə bildi. Deməli, bu adamın ruhunun yaşı çox imiş. Bu şairi oxuduqca, gah özündən əvvəlki Söz nəhənglərini xatırlayırsan, gah da - onların ötəri toxunduqları mövzuların daha gözəgəlimli rəngləndiyini görürsən. Hər halda, bu müəllifin ruhunun da, əsrlərlə qatarlaşmış incə-mincə zəncir, xoşlöyün boyunbağısayaq bağlı bədii təsvir vasitələri üzərində qurulmuş klassik aşıq şeiri, xalq poeziyasından eşqləndiyinin şahidi olursan. Bu, tək elə fəhm deyil, bariz nümunələrlə sübut da olunur. Mən bunu onun həmin klassik söz təsərrüfatının şumundan xırmanına, əkinindən biçininədək işlənmiş “gidi”, “fani”, “bivəfa” və s. yarlıqlı dünya mövzusu ilə bağlı nümunələrinə istinadla deyirəm. Bu şair, bəzən birbaşa, hərdən dolayısıyla bəyan edir ki, özündən əvvəlkilərin “Biz gəldi-gedərik, sən yaşa...”, “Əbədiyə qəh-qəh çəkən” bu əbədi dünya - nəsə edənlərçün də, etməyənlərçün də müvəqqəti dayanacaqdır. Deməli, sufilik dərki: maddi və mənəvi fənalıq, bəqalıq: 
   
   Bir gəldim, nə gördüm, bir də nə verə, 
   Təzədən dünyada nə ölümüm var!.. 
   
   Bu poetik “qərar”dan sonra onun aşağıdakı şeirini nədən “qətnamə” kimi qəbul etməyəsən:
    
   Böyükdü, sirri-xudadı,
   Azadlıqdı, qəfəsdi Söz.
   Evdi, saraydı, odadı,
   Canda candı, nəfəsdi Söz.
   Sən, mən, o - bizik əsgəri,
   Bir sözdən min bir səs gəlir,
   Görür, görünür, göstərir,
   Nə şəkildi, nə səsdi Söz.
   Gah yatırdar, gah oyadar,
   Şeytandır, küfrdür, ayadır,
   Göylərdən enib qayıdar,
   Yerdə haqqa əvəzdi Söz...
   
   Bu şairin yaradıcılığında, müasirlərindən, dost-tanışlarından biri olaraq, mənimçün də çox dəyərli tutarğalar var. Ancaq, sənətkarlar haqda yazı-pozuların professional məna-məzmun yaraşığı -
   
   Tənqidçi sözü
    
   Vaqif Yusifli:
   “Səksəninci, doxsanıncı illərdə çox-çox şeirlərdə “mən dərvişəm”, “mən sufiyəm”, “mən ozanam” kimi xitablar eşidilirdi. Beləcə, çağdaş poeziyada nam-nişanı, yer-məkanı qeyri-müəyyən “dərviş” şairlərin sayı durmadan artırdı. Məsələ onda deyildi ki, bu şairlərin heç birinin dərvişlik fəlsəfəsilə bağlılığı, əlaqəsi yox idi. Yox, əsas odur ki, onların xurcunundan alma yox, turş alça, əzgil, göyəm çıxırdı, “yahu” çağırsalar da, bu səslərin çoxusu dərviş avazına oxşamırdı. Amma etiraf edək ki, Akifin əksər şeirlərində içindən gələn bir dərvişlik ovqatı - bir “sərgərdanlıq” ruhu, Allahla, şeirlərinin birində dediyi “sirri-xuda” ilə dərdləşmək ehtiyacından doğan bir duyğu gördük.
   
   Sən kövrəlmə, ay atam,
   Dözümə yol gedirəm.
   Nə vaxtdı itib-batan
   İzimə yol gedirəm.
   
   Daşda bitən kolmuşam,
   Öz-özümü yolmuşam,
   Özümdən yol almışam -
   Özümə yol gedirəm.
   
   Bir gün birlikdə çay içərkən dedim, Akif, bütün şairlər Qarabağ faciəsindən şeirlər yazıb, bəs sən?.. 
   Cavab vermədi. Üç gündən sonrakı görüşümüzdə isə (ixtisarla təqdim edəcəyim) belə bir şeir oxudu mənə: 
   
   İçimizdə boğuluruq,
   Üzdə hələ şeir yazırıq.
   Ürəyimiz quru budaq,
   Sözdə hələ şeir yazırıq.
   
   Adam olmaq qara baxtım,
   Qara baxtım, qızıl taxtım,
   Qəbir yerim - Qarabağım,
   Gözlə, hələ şeir yazırıq...
   
   Gözəl şair idi. Allah rəhmət eləsin...”
   
   Tahir Abbaslı