Teatr və digər sənət sahələrindən fərqli olaraq kinoda qrim operator texnikası, kinoplyonkanın həssaslığı, məkanın işıqlandırılmasından asılıdır. Teatr və ya səhnə qrimi adətən şərti xarakter daşıyır. Kinoda isə iri planları nəzərə alaraq qrim daha dəqiq olmalıdır. 
   
   Kinoda texnikanı bilmək və işıqlandırmanı nəzərə almaqla bərabər tamaşaçını obraza inandırmaq qrim ustasının məsuliyyətindən xəbər verir. Bütün bunlar qrim texnologiyasına dərindən yiyələnmək və daim yeniliklərdən agah olmaq deməkdir. Sürətli inkişafda olan zamanın tempini tutan kinoda janrların çoxluğu dünya qrim sənətinin də durmadan yenilənməsini tələb edir.
   Azərbaycanda da kino sənətinin inkişafı qrimdən yan ötmür. Bəzi filmlərdə yerli qrim ustaları ilə yanaşı xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər çalışır. Bu da öz növbəsində mübadiləni təmin edir, dünya təcrübəsini bir növ kinomuza gətirir. Azərbaycanda sırf qrim sənəti ilə bağlı hər hansı təhsil müəssisəsi olmadığından gənclər bu sənətin özəlliklərini öncəkilərdən şəxsi təcrübə əsasında öyrənirlər.
   
   Qrim əsl yaradıcı sənətdir
   
    Uzun illər kinostudiyada çalışan qrim ustası Elbrus Vahidov bu sənətə təsadüf nəticəsində gəlməsinə baxmayaraq qrimə olan bağlılığından danışdı:
    “İlk dəfə qrim sənətinə gəlməyim “Nəsimi” filmi ilə başladı. Qrim ustası Volodya Bereznikovun yanında şagird kimi öyrənirdim. Daha sonra “Yeddi oğul istərəm”, “Axırıncı aşırım” filmlərində köməkçi kimi çalışdım. İlk müstəqil işim Rasim Ocaqovun “Tütək səsi” filmi oldu və demək olar ki, Rasim Ocaqovun bütün filmlərində qrim ustası kimi işləmişəm.
   Bu sənətə gəlməyim təsadüf oldu. O vaxtlar Odessa və Moskvada Bədii Teatr Məktəbi var idi. Orada 4 il oxumaq lazım gəlirdi. Lakin mənim bəxtim gətirdi. Uşaqlıqdan rəssamlıqla məşğul idim. Əzim Əzimzadə adına məktəbdə təhsil alırdım. Lakin bu sənət üzrə ali təhsilimi davam etdirə bilmədiyimdən işləmək üçün kinostudiyaya gəldim və Adil İsgəndərov məni qrim studiyasına məsləhət gördü. Baxmayaraq ki, sonralar da bu sənət üzrə ali təhsil almadım, qrimdə özümü tapdım. Bu illər ərzində yanımda bir neçə tələbə qrim ustaları da yetişib. Onlardan müxtəlif studiyalarda çalışanlar, hətta xarici ölkələrdə bu sahə üzrə işləyəni də var. Deyim ki, qrim rəssamlıqla, yaradıcılıqla sırf bağlı sahədir. Gənclərdən qrimlə maraqlanan varsa, bildirim ki, peşəkar qrim ustaları yanında öyrənməklə yanaşı güclü fantaziyaya malik olmaları da əsas göstəricilərdəndir”.
   Hazırda Mirzə Fətəli Axundzadə haqqında çəkilən “Sübhün səfiri” bədii filminin hazırlıqları gedir. Elbrus Vahidov deyir ki, mübahisələr, məsləhətləşmələr olur: “Biz qrimi edirik. Sonra rejissoru, ikinci rejissoru, operatoru dəvət edirik və məsləhətləşirik. Artıq nə var, onların bəyəndiyi və xoşlamadığı məqamları müzakirə edirik.
   Hərdən aktyorun öz fikrinə də yer ayırmalı oluruq. Bir məqamı da qeyd edim ki, aktyor nə qədər təcrübəli, nə qədər yetkindirsə, onunla işləmək bir o qədər asandır. Hər birimiz bilirik ki, hərə öz işi ilə məşğul olmalıdır. Gənc aktyorlarla bir qədər çətinliklər olur. Hər kəs gözəl görünmək istəyir. Ancaq bu düzgün yanaşma deyil”.
   Elbrus Vahidovun kinostudiyada bu sənətin incəliklərini öyrətdiyi və hazırda “Sübhün səfiri” bədii filmində onunla birgə çalışan qrim ustası İradə Gülbabayeva da qrimin əsl yaradıcı sənət olmasını vurğuladı:
   “Qrimə gələn insanda yaradıcılıq qabiliyyəti olmalıdır. Həmçinin qrim səbir tələb edən bir işdir. Mən uşaqlıqdan xalça toxuyurdum. Daha sonra saç ustası və makiyaj sənətinə yiyələndim. Kinoya ilk gəlişim 2005-ci ildə iranlılarla birgə çəkilən “Arzular” filmi oldu. O filmdə geyimdə dərzi işləyirdim. Sonra “Hökmdarın taleyi” filminə dərzi kimi dəvət aldım. Ondan öncə isə parik toxumağı öyrəndim. Çünki “Arzular” filmindən sonra məndə qrim sənətinə böyük maraq yaranmışdı. Növbəti dəfə “Cavad xan” filmində qrim ustası kimi işlədim. Tarixi film olduğundan üzərimizə düşən vəzifə də çox ağır idi və məsuliyyət tələb edirdi. Ondan sonra qrim ustası kimi bədii filmlərdə çalışmağa başladım.”
   İradə xanım “Sübhün səfiri” bədii filmində 80-ə yaxın obraz olduğunu bildirdi. Portret obrazlarının çox olması işi daha da maraqlı etdiyini bildirdi.
   
   Fantaziya və səbir...
   
    Qrim sənəti çətin olduğu qədər də maraqlıdır. Əgər filmdə zaman fərqi varsa, obrazları bir neçə dəfə dəyişmək lazım gəlir. Bu yanaşma yaradıcılıq baxımından da zövqvericidir. Qocaldıqca saçın seyrəlməsi, üz cizgiləri - bütün bunlar düzgün qrim tələb edir. Həmçinin yaradıcı yanaşmanın mütləq olduğunu göstərən məqamdır.
   İradə xanım deyir ki, səbir və enerji bizim işin əsasıdır:
   “Azərbaycanda qrim sənətini öyrədən kurs, məktəb və s. bu tipli yer yoxdur. Lakin sənət elədir ki, onun sonu yoxdur. Günbəgün dərinləşir, axtarış tələb edir. Obraz ətrafında düşünməli, ona təbiilik bəxş etməlisən. Buna görə də bu sənəti seçən insandan çox şey asılıdır. Əgər məqsəd bu sənətə tam yiyələnməkdirsə, buna nail olmalısan. Tamamlanmaq üçün dünya təcrübəsinə də nəzər salmalı, nəyin olub olmadığını daim izləməlisən. Gənclərin qrimə münasibəti də birmənalı deyil. Bəziləri bunun sadəcə makiyaj və saçdan ibarət olduğunu zənn edir.
   Filmdə yaralar, kəsiklər etmək lazım gəlir. Təbii ki, bu zaman müəyyən axtarışlar etməli və müəyyən ləvazimatları da əldə etməli oluruq. Həmçinin edilən yara və ya kəsiyin təbii, reallıqda olduğu kimi alınması bütövlükdə filmə təsirsiz ötüşmür”.
   Kinoda istənilən iş rejissor nəzarətində olduğundan onun obraza münasibəti də önəmlidir. Bu baxımdan qrim ustası rejissorun münasibətini mütləq nəzərə almalıdır. Həmçinin edilən qrimdə aktyorun özünü rahat hiss etməsi də vacibdir. Çünki yaratdığı obrazla tamlıq yaranmalıdır.
   Qrim sənəti yaradıcılıq, fantaziya tələb etdiyi qədər də səbirli olmağı istəyir. Kino kollektiv sənət olduğundan, ortaya çıxan məhsul kütlə üçün nəzərdə tutulduğundan informasiyanı olduği kimi - dolğun və təbii çatdırmaq gələcəkdə obraza olan tamaşaçı münasibətini formalaşdıracaq. Qrimin kinoda rolu bütünlükdə onun estetikasına təsir edə bilən amil kimi qiymətləndirilir.
   
   Reyhan İsayeva