Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Məmmədhüseyn Təhmasib: taleyi və sənəti” məqalələr toplusu işıq üzü görüb. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin tərtibatı, böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovun rəyi ilə oxucuların mühakiməsinə verilən məqalələr toplusu görkəmli folklorşünas alim, professor Məmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr edilib.
Kitabda Azərbaycan folklorşünaslığının inkişafında, folklorşünaslar nəslinin yetişməsində böyük xidmətləri olan Məmmədhüseyn Təhmasibin həyatı və çoxcəhətli ədəbi fəaliyyəti, zəngin yaradıcılığı və ədəbiyyat tariximizdə əvəzsiz xidmətlərindən bəhs edən araşdırmalar - AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının və başqalarının məqalələri yer alıb.