“Naxçıvanı tanıyaq” devizi altında bir qrup gəncin Duzdağ Fizioterapiya Mərkəzinə ekskursiyası təşkil olunub.
Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə gerçəkləşən ekskursiyada Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Zülfiyyə Həsənova gənclərə mərkəz haqqında məlumat verib. Qeyd olunub ki, Duzdağın ehtiyatları 90 milyon tondan çoxdur. Buradan çıxarılan duz təkcə yüksək keyfiyyəti ilə deyil, həm də unikal şəfaverici, müalicəvi xüsusiyyətinə görə fərqlənir. Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yollarının qeyri-spesifik xəstəlikləri, allergiya, xüsusilə bronxial astmadan əziyyət çəkənlər müalicə olunur.
Xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunub.
Gənclər mərkəzlə yaxından tanış olub, onları maraqlandıran suallar cavablandırılıb.