AMEA əməkdaşlarının VIII rəssamlıq sərgisi barədə qeydlər
İyulun 14-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərdəkanda yerləşən Dendrologiya İnstitutunda AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə III “Fizika və lirika” konfransı keçirildi. Tədbir çərçivəsində akademiya əməkdaşlarının VIII təsviri sənət sərgisi də nümayiş etdirildi.
Ekspozisiya Dendrologiya İnstitutunun əsas binasının kiçik daxili həyətində, açıq səma altında yerləşdirilmişdi. Sərginin keçirildiyi yer, gözəl yay havası təşkilatçıların “Təbiət və memarlıq” adlandırdıqları vernisajın mövzusunu müəyyən etdi. Sərgidə AMEA-nın müxtəlif institutlarını təmsil edən 9 müəllifin ümumilikdə 28 əsəri nümayiş etdirilirdi. Müəlliflərin altısı Memarlıq və İncəsənət İnstitutunun, ikisi Əlyazmalar İnstitutunun, biri İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı idi.
Sivilizasiya tarixində təbiət və mədəniyyət hər zaman ziddiyyət kimi, arasında bütün bəşəriyyətin və ayrılıqda hər bir insanın həyatının axıb getdiyi iki əks qütb kimi qəbul edilib. Mədəniyyətin ən çox nəzərə çarpan maddi təcəssümü insan əli ilə yaradılmış təbii yaşayış mühiti olan memarlıqdır. Sərgi təşkilatçılarının düşüncəsinə görə, təbiət və memarlıq insan mövcudluğunun iki əks qütbü kimi təqdim olunmayıb: onlar birlikdə çıxış edərək bəzən hətta ehmalca biri digərinə qovuşur.
Məhz buna görə girişdə tədbir iştirakçılarını sərginin ikiqat epiqrafı - məzmunlu kompozisiyalar qarşılayırdı. Bunlar memarlıq həcmlərinin iki təsviri və təbiət mövzusuna həsr olunmuş iki başqa əsər idi. Mərhum akademik Şamil Fətullayevin “İsmailiyyə binası” qrafik vərəqi və sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalovun “Akademiya. Fontan” akvareli sərginin memarlıq leytmotivinə çevrildi.
Təbiətin epiqrafı rolunu isə Oksana Məmmədovanın “Nar” və “Kəpənək” adlı iki rəngkarlıq əsəri öz üzərinə götürdü. Onlardan “Nar” kompozisiyası daha üstün idi. Azərbaycan mədəniyyətində nar hər zaman təkcə bütün təbiətin deyil, həm də ilahi yaranışın, kosmosun simvolu kimi çıxış edib. Kosmos yunanca “nizam” deməkdir, deməli təbiətdən, onun kortəbii qüvvələrindən fərqli olaraq insan tərəfindən nizam-intizama salınmış mədəniyyəti, yəni dünyanı təcəssüm etdirir. O.Məmmədovanın sözügedən əsərində sərginin mövzusunda özünü büruzə verən əksliklər sanki əriyib itir, birləşərək vəhdət və ahəngdarlıq halına gəlirlər. Bu mövzu Azərbaycan təsviri sənəti üçün yeni deyil. Uzun illər boyu həmin mövzunun əsas təbliğatçısı, onun, belə demək mümkünsə, carçısı əsərlərinin böyük əksəriyyətində nar təsvir edilən Toğrul Nərimanbəyov olmuşdur. Lakin ustad sənətkarın şedevrlərindən fərqli olaraq gənc xanım rəssamın tablosunda diqqətimizi mövzu həllinin radikallığı cəlb edir - burada nar “olduğu kimi” təsvir edilib, bəlkə də bu, həddən artıq təbii görünür, eyni zamanda olduqca inandırıcı təsir bağışlayır. Təbiətin bu möcüzəli hədiyyəsi Azərbaycan incəsənət tarixinin ona bəxş etdiyi mədəni mənaları hifz edib özündə yaşadır.
Təbiətin səfalı yaz-yay mövzusu, onun al-əlvan rəngləri, çiçəkləməsi Günel Seyidəhmədli və Aysel Talıbovanın əsərlərində davam və daha da inkişaf etdirilmişdir. G.Seyidəhmədlinin sərgilənən dörd əsəri ebru texnikasında işlənib. Bu texnika rəssama bütün diqqəti rəng kompozisiyasına yönəltməyə imkan verir. Müəllif bu vəzifəni ən yüksək peşəkar səviyyədə həll edib. Hesab edilir ki, rəssamın başlıca “mükafatı” işığı və yalnız bundan sonra kompozisiya genişliyini hiss etmə, duyma qabiliyyətidir. Fərəhləndirici haldır ki, gənc xanım rəssam hər bir əsərində bu iki cəhəti əlaqələndirə bilmişdir. İstər rəng, istərsə də kompozisiya baxımından onun dünyagörüşünün ən yaxşı məqamları “Yaz” seriyasına daxil olan əsərində cəmləşmişdir. Bu, rəngkarlıq palitrasının və dünyanın qurulmasının, onun ilkin elementlərinin ən mühüm əsaslarının struktur dərkinin həqiqi bir bayramıdır.
Ekspozisiyanı ardıcıllıqlı seyr etdikcə təbiət dəyişmələrinin və bitkilərin boy ataraq çiçəkləməsinin ümumi ideyası sanki gözlərimiz önündə inkişaf edir. Sərgidə G.Seyidəhmədlinin ebru kompozisiyaları ilə üz-üzə A.Talıbovanın kompüter qrafikası nümunələri düzülmüşdür. Onun əsərləri arasında da bir qrafika nümunəsi vardır ki, bütün seriyanın həm rəng, həm də rəmzi cəhətlərini özündə əks etdirir. Bu, “Dörd ünsür” kompozisiyasıdır. Burada yer, su, hava və odun rəmzi obrazları təkcə təbiətin oyandığı Novruz bayramı ilə deyil, həm də həyatın özünün kainatda sonsuz dövr etməsi ilə birbaşa assosiasiyalar yaradır.
Sərgidə bütün ekspozisiya iki səviyyədə - bilavasitə kiçik daxili həyətdə və binanın ikinci mərtəbəsinin terrasında qurulmuşdu. İkinci səviyyəyə keçərkən pilləkənin aşağı başında tamaşaçılar daha bir güclü vizual sənət nümunəsi ilə qarşılaşdılar. Onların qarşısındakı bu əsər uzunsov şaquli formalı “Sevgi dəryası” kompozisiyasıdır. Müəllif O.Məmmədova mehribanlıqla körpəsini qucağında tutmuş gənc ananın incə proporsiyalı fiqurunu təsvir edib. Əsər göy və yaşıl rəng tonlarının ahəngdar birləşməsindən əmələ gələn akril boyaları ilə işlənib.
İkinci mərtəbənin terrasında əsərlər sol və sağ tərəflərdə iki yarımdairə şəklində düzülmüşdü. Bir tərəfdə Leyla Məmmədkərimovanın klassik üslubda işlənmiş, nisbətən iri ölçüləri ilə dominantlıq təşkil edən iki natürmortu nümayiş etdirilirdi. Həmin yarımdairə Seyfəddin Məmmədvəliyevin seçmə əsərlərinin iki fotosu ilə tamamlanırdı. Fotolarda S.Məmmədvəliyevin uzun illərdir məşğul olduğu ağac üzərində oyma nümunələri əks olunmuşdu.
Sağ tərəfdə Səbinə Məmmədzadənin kompozisiyaları diqqəti cəlb edirdi. Onlardan biri saçları qərənfil çələngi ilə bəzədilmiş gənc qızın karandaşla işlənmiş portretidir. Vizual baxımdan qrafik portret işinə çox kiçik formatlı, qızılgül buketi təsvir edilən rəngkarlıq əsəri əlavə edilmişdi. Bu, ona görə mümkün oldu ki, bütün əsərlər molbert üzərində nümayiş etdirilirdi və indiki halda portret molbertin aşağı, kiçik natürmort isə bilavasitə onun üstündə - yuxarı taxtası üzərində yerləşdirilmişdi. Fəxrəddin Əlinin orta əsrlər miniatürləri üslubunda işlənmiş “Kitab üçün frontispislər”i də tamaşaçıların böyük marağına səbəb oldu.
Demək mümkündür ki, VIII sərgi AMEA-nın ekspozisiya təcrübəsini birdən-birə bir neçə istiqamətdə - həm tematik, həm də vernisajın özünün dizaynı baxımından zənginləşdirdi. Akademiya əməkdaşlarının əsərlərinin ardıcıl olaraq sərgiləndiyi son üç ildə ilk dəfə olaraq ekspozisiyanın qavranılmasının müəyyən rejissura prinsipləri meydana çıxdı. İki məkan səviyyəsində inkişaf edən ekspozisiya öz tematik epiqrafına və vizual ifadə vasitələrinə malik idi. Lakin ən əsası budur ki, sərgi təsviri sənətin rəmzi məzmununun inkişaf etdiyini, rəssamların seçdikləri mövzunu dərindən və hərtərəfli aça bilmək qabiliyyətini göstərdi. Bu mənada hər bir müəllifin fərdi qaydada işləməsinə baxmayaraq VIII sərgi hər halda kollektiv əməyin layiqli bəhrəsinə çevrildi.
Ərtegin Salamzadə
AMEA-nın müxbir üzvü, professor, Memarlıq və İncəsənət İnstitutunun direktoru