Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti ilə bağlı bölgələrdə keçirilən müşavirələrdə mədəniyyət və turizm müəssisələrinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi, bölgələrə gələn xarici və yerli turistlər, həmçinin region əhalisi üçün yay mövsümündə mədəni xidmətlərin təşkili məqsədilə xüsusi məkanlarda proqramların hazırlanmasına dair tapşırıqlar verib.
   Bununla bağlı Şəki Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən yay mövsümündə əhalinin və bölgəyə gələn qonaqların asudə vaxtının daha mənalı keçməsi məqsədilə mədəni tədbirlər təşkil edilir. Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonları üzrə müəyyənləşdirilmiş məkanlarda 15 iyun tarixindən avqust ayının sonunadək hər həftənin istirahət günləri mədəni xidmətlərin təşkilinə dair xüsusi tədbirlər planı hazırlanıb və hal-hazırda müvəffəqiyyətlə həyata keçirilir.
   Şəki şəhərində təşkil olunan tədbirlərdə M.F.Axundzadə adına Mədəniyyət mərkəzinin, 53 klub müəssisəsinin, şəhər 2, 3, 4 saylı uşaq musiqi məktəblərinin və Uşaq incəsənət məktəbinin kollektivləri fəal iştirak edir. “Qala divarları” ərazisində keçirilən bütün tədbirlərə ərazidə yerləşən R.Əfəndiyev adına Tarix-Diyarşünaslıq Muzeyi, Xalq Tətbiqi Sənəti Muzeyi və Rəsm Qalereyasının işçiləri, sənətkarlar, MKS-nin kitabxana filialları və Şəki rayonundakı Respublika Atçılıq və Turizm Mərkəzinin atlılardan ibarət qrupu da cəlb olunub.
   
   * * *
   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəliyinin əhatə etdiyi müəssisələr - Mədəniyyət mərkəzi, uşaq musiqi məktəbi, MKS və Tarix-diyarşünaslıq muzeyi yay mövsümündə yerli əhali və rayona gələn turistlərin istirahətinin səmərəli təşkili və onlara mədəni xidmətlərin göstərilməsi məqsədilə tədbir təşkil edirlər.
   Növbəti tədbirdə musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında təqdim olunan proqram böyük maraqla qarşılanıb. Rayon MKS tərəfindən tədbirdə 500-dən artıq kitabdan ibarət sərgi təşkil edilib.