Tvinninq layihəsi üzrə növbəti treninq keçirilib
   
   “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adı altında reallaşan tvinninq layihəsi çərçivəsində 17-21 iyul tarixində Azərbaycan Milli İncəsənət Muzeyində növbəti treninq sessiyası keçirilib.
   Azərbaycan Milli İncəsənət Muzeyindən verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin Avropa İttifaqı ilə birgə icra etdiyi layihənin budəfəki dördgünlük sessiyası “Sosial-iqtisadi inkişafda mədəni irsin rolu; fandreyzinq” mövzusuna həsr edilib.
   Sessiyada qeyri-kommersiya təşkilatlarının maliyyə vəsaitinin cəlb olunmasında fandreyzinqin (fəaliyyətin təşkil olunması və ya hər hansı bir layihənin həyata keçirilməsi üçün vəsaitin cəlb olunması) rolu və tətbiqi, donorla münasibətlərin qurulması üsulları, təşkilatları donorlar üçün cəlbedici edən amillər, donorlara təqdim olunan layihənin dəyərini əsaslandıran inandırıcı sübutun irəli sürülməsi və digər mövzular müzakirə edilib.
   Seminar çərçivəsində “İqtisadi nəzəriyyə, mədəni irsin tərifi”, “Mədəni irs ərazisi və iqtisadi inkişaf arasında əlaqə”, “Mədəni irs sektoruna əlavə maliyyə vəsaitlərinin cəlb olunmasında aparıcı beynəlxalq təşkilatlar” və “Tərəfdaş axtarışı və Avropa İttifaqının maliyyə imkanlarına dair məlumatların əldə olunması” mövzularında məruzələr dinlənilib.
   Layihənin məqsədi Azərbaycan muzeylərini periferik mədəniyyət sektorundan ölkənin mədəni və iqtisadi həyatında müstəqil iştirakçıya çevirərək ölkənin sosial vəziyyətinin inkişafına və turist potensialının möhkəmlənməsinə dəstək olmaqdır.
   Qeyd edək ki, cari ildə tvinninq layihəsi çərçivəsində beş treninq sessiyası gerçəkləşib. 100-dən çox mədəniyyət işçisinin iştirak etdiyi layihədə, həmçinin mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılmasına yönəldilmiş təlimlər keçirilib.