2 iyul - Azərbaycan polisi günü ərəfəsində “Tərsinə çevrilən dünya” adlı yeni bədii filmin təqdimatı olub. “Azərbaycanfilm”in istehsalı olan film hüquq-mühafizə orqanlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsindən bəhs edir. Ekran əsəri İranın “Sədrafilm” kinostudiyasının köməyi ilə ərsəyə gəlib. Yazıçı Çingiz Abdullayevin ssenarisi əsasında çəkilmiş filmin quruluşçu rejissoru Ənvər Əblucdur.
Heydər Əliyev Sarayında keçirilən təqdimatda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və daxili işlər naziri Ramil Usubov çıxış edərək ekran əsərinin ərsəyə gəlməsində əməyi olan yaradıcı kollektivi təbrik edib, filmin əhəmiyyətindən danışıblar. Yaradıcı kollektivin bir qrupuna Daxili İşlər Nazirliyi adından mükafatlar təqdim olunub.
Qeyd edək ki, detektiv janrında olan filmin çəkilişinin bir hissəsi İranda, Tehran və Ənzəli şəhərlərində aparılıb. Filmdə baş rola iranlı Məhəmməd Firutənə çəkilib.
Ekran əsərində Azərbaycanın xalq artistləri Rasim Balayev və Fuad Poladov, əməkdar artistlər Fərhad İsrafilov, Azad Şükürov, Natella Kərimova və başqaları rol alıb.
Filmin icraçı prodüseri Adil Qulamov, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı Rafis İsmayılov, bəstəkarı Oqtay Rəcəbovdur.