Zərdab rayonundakı Həsən bəy Zərdabi muzeyinin təşkilatçılığı ilə "Mənim milli mətbuatım - 142" adlı tədbir keçirilib.
Bildirilib ki, böyük maarifçi H.Zərdabinin yaradıcısı olduğu “Əkinçi” qəzetinin nəşri ilə Azərbaycanda yeni bir mərhələnin əsası qoyulub. 1875-ci il iyulun 22-də ilk sayı işıq üzü görən qəzet milli mətbuatımızın, mənəvi mədəniyyətimizin tarixinə şərəfli səhifələr yazıb, milli mənliyimizin formalaşmasında, mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynayıb. H.Zərdabi “Əkinçi” ilə Azərbaycanda o dövrə qədər mövcud olmayan mətbuat dili və üslubunun da əsasını qoyub.
Cəmi 56 nömrəsi nəşr olunan qəzetlə milli jurnalistikamızın həmişəyaşar tarixini yazan Zərdabi bütün ömrünü təqiblərdən, açıq və gizli hədələrdən çəkinmədən xalq, millət, maarif işığına həsr edib.