Türkiyənin Aksaray vilayətində Qarabağ parkının və parkda ucaldılan “Xarı bülbül” abidəsinin açılışı olub. Bu münasibətlə təşkil olunan mərasimdə rəsmi şəxslər və yerli sakinlər iştirak ediblər.
Aksarayın mərkəzində yerləşən Qarabağ parkının salınması Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü əsasında Aksaray Bələdiyyəsinin qərarı ilə həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində ucaldılan “Xarı bülbül” abidəsinin müəllifi tanınmış heykəltəraş Akif Əsgərovdur.
Abidənin üzərində Xocalı faciəsinə görə fəryad edən ana təsviri, Xan qızı Xurşudbanu Natəvanın, böyük şair Molla Pənah Vaqifin rəsmləri, muğam üçlüyü, Qarabağın, Şuşanın tarixi yerləri öz əksini tapıb.
Açılış mərasimindən sonra “Qarabağdan Aksaraya könül körpüsü, Azərbaycan-Türkiyə qardaşlıq gecəsi” adlı tədbir keçirilib.
Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva açılışda çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı istiqamətində gördüyü tarixi xidmətlərdən, Prezident İlham Əliyevin Türkiyədə baş verən proseslərə göstərdiyi həssas münasibətdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətindən danışıb. Qeyd edib ki, iki qardaş ölkə və xalq arasındakı münasibətlər bütün dünya üçün nümunədir.
Tədbir Azərbaycandan olan musiqi qrupunun maraqlı ifalarından ibarət bədii hissə ilə davam edib.