Dünyanın nüfuzlu “Forbes” jurnalı Hollivudun ən yüksək gəlirli ulduzlarının yeni siyahısını hazırlayıb. Bir çox məşhurların yer aldığı siyahıda ilk yerləri cazibədar aktrisa Ancelina Coli və Hollivudun tanınmış simalarından olan Sara Cessika Parker paylaşıblar. Hər iki ulduzun 2010-cu ilin mayından bu ilin mayınadək əldə etdiyi ümumi gəlirlər 30 milyon dollar təşkil edib. Ancelina Coli bu cür yüksək gəliri “Solt” və “Turist” filmlərindəki möhtəşəm aktyor oyunu ilə qazanıb. Baxmayaraq ki, hər iki film başlanğıcda kino bazarında kifayət qədər uğur əldə edə bilməyib, lakin daha sonra film yaradıcı heyətə 270-290 milyondan çox gəlir gətirib. Sara Cessika Parker isə rol aldığı filmlərlə yanaşı, özünün şəxsi ətriyyat kolleksiyasını da təqdim etməklə qazanc götürüb.
   “Forbes”in apardığı araşdırmalara görə, məşhur Hollivud ulduzları Ceniffer Eniston və Riz Uizerpsun 28 milyon dollar gəlirlə siyahıda sonrakı yerləri tutublar. Enistonun əsas gəlirləri “Dostlar” və məşhur aktyor Adam Sendlerlə birgə baş rolları paylaşdığı “Mənim qadınım ol” filmindən olub. Uizerpsun isə bu yaxınlarda ekranlara çıxan “Necə bilmək olar?” və “Deməli, müharibə” filmləri ilə yüksək gəlirli aktrisalar siyahısında yer alıb. Siyahıda məşhur Hollivud aktrisası Culiya Roberts var. Aktrisanın ötən bir ildə gəliri 20 milyon dollar olub.
   
   Vəfa Zeynalova