Özü əsərlərindən xeyli gec tanınan rəssam
   
   Amerikalı rəssam Marqaret Keyn incəsənət tarixində irigözlü insan rəsmləri çəkməklə məşhurlaşıb. Bu uşaq rəsmləri sevinc, gözyaşı, kədər dolu ifadələri ilə tamaşaçıların yaddaşında qalıb. 
   Xanım Keyn deyir: “Gözlər ruhun pəncərəsidir”. O bu pəncərədən uşaqların ruhsal dünyasına baxmağa çalışır, onları sənət vasitəsilə kəşf edirdi. İlk vaxtlar o, kədərli uşaqları daha çox çəkirdi. Sonradan rəssam həm də xoşbəxt uşaqları, hətta heyvanları çəkərək diqqətə gəlmişdi. 
   Marqaret 1950-1960-cı illərdə evli olduğu rəssam Valter Keynlə (1915-2000) birgə çalışıb. İlk vaxtlar əsərlərini ərinin imzasıyla ortaya çıxarır, nəticədə əri həmin əsərləri yüksək qiymətə sataraq məşhurlaşır. Bu əməkdaşlıq nəticəsində ər-arvad rəssamlar çox varlanırlar. Əsərlər satıldıqca ər Keynin həyat yoldaşı üzərində hökmü daha da artır, dəbdəbəli həyat tərzi onu çaşdırır, Marqareti susmağa, bu sirri kimsəyə açmamağa məcbur edirdi. Əgər əri onun üzərində ağalığını cilovlasaydı, bəlkə də qadın sonacan dözüb durar, bu haqda kimsəyə nəsə deməzdi. 
   V.Keynin “əsərləri”ndən ibarət sərgilər açılırdı, Marqaret də bir həyat yoldaşı, sıradan tamaşaçı kimi ora gedir, içində boğula-boğula qalırdı. Ərisə hiyləgərcəsinə özünü varlıların və mətbuatın gözünə soxur, bu işin belə davam edəcəyinə inanırdı. Ancaq əsərlərin yaradıcısı, gecə-gündüz çalışan Marqaret ərinin hərəkətlərinə dözə bilmirdi. Əri ona iftiralar atır, Marqaretin dəli olduğunu deyir, əsərlərin həqiqi müəllifi kimi utanmadan özünü göstərirdi. 
   Artıq çoxlarına aydın idi ki, əsərlərin həqiqi müəllifi V.Keyn yox, Marqaretdir. Beləliklə, onların evliliyi 1960-cı illərin sonunda başa çatır, ayrılırlar. Ömründə düz-əməlli bir əsər çəkməyən Valter böhtanlarına davam edirdi. Bundan cana doyan Marqaret 1986-cı ildə keçmiş ərini məhkəməyə verir. O deyir ki, əsərlərin kimə məxsus olduğunu müəyyən etməyin bir yolu var: “Hər ikimiz məhkəmə zalında rəsm çəkəcəyik, kim bacarmasa, uduzacaq”. Belə də olur. Məhkəmədə hər ikisinə rəsm çəkmək üçün gərək olan şeylər verirlər. Marqaret 53 dəqiqə içərisində özünün sevimli obrazlarından birini - irigözlü qız portretini yaradır. Valter isə heç nə çəkə bilmir, yalandan qolunun ağrıdığını bəhanə edir. Marqaret ərinə qarşı açdığı 4 milyon dollarlıq davanı qazanır.
   Beləliklə, Valter Keynin adı incəsənət tarixində plagiat bir rəssam olaraq qalıb. 15 sentyabrda 90 yaşı tamam olacaq Marqaret Keyn isə yenə də dünyanın ən populyar rəssamlarından biri sayılır. Onun həyatından bəhs edən “İri gözlər” adlı bədii film də çəkilib. 
   
   S.Qaliboğlu