50 yaşında kinoya gələn Morqan Friman Amerika Kino Akademiyasının ən yüksək mükafatına layiq görülüb
   
   Məşhur Amerika aktyoru, rejissor, “Oskar”, “Qızıl qlobus” mükafatları laureatı Morqan Friman kinematoqrafda göstərdiyi xidmətlərinə görə Amerika Kino İnstitutunun “Həyat nailiyyəti mükafatı” (“Life Achievement Award”) mükafatına layiq görülüb. Morqan Friman bu mükafatın 39-cu laureatıdır. Bu mükafata Alfred Hiçkok, Elizabet Teylor, Con Ford, Meril Strip, Stiven Spilberq, Klint İstvud, Dastin Hoffman, Al Paçino və digər əfsanəvi sənətkarlar layiq görülüb.
   
   Bu yaxınlarda 74 yaşı tamam olan Morqan Friman aktyorluqla vidalaşmağa tələsmir. Aktyor bu yaxınlarda verdiyi müsahibədə kino fəaliyyəti, yeni film layihələri barədə danışıb:
   - “Qara cəngavərin dirilməsi” (The Dark Knight Rises) adlı filmin çəkilişlərinə başlamışıq. Triller, savaş filmi və fantastika janrında olan film 2012-ci ildə ekranlara çıxacaq.
   - Klint İstvudla yaradıcılıq əlaqələrinizdən danışın. “Əfvedilməz”(Unforgiven), “Milyon dollarlıq qız” (Million Dollar Baby), “Fəthedilməmiş” (İnvictus) filmləri bu yaradıcılıq əlaqəsinin nəticəsidir.
   - Klint İstvudun aktyor və rejissor karyerasına hər zaman pərəstiş etmişəm. “Əfvedilməz” filminin çəkilişində gördüm ki, onunla işləmək çox asandır və onu dinləmək insana zövq verir. O, aktyorlara rəhbərlik etmir, onları icarəyə götürür və bu prosesdən müştərək sənət yaranır. Bu xüsusiyyətinə görə əksər aktyorlar onu çox sevir.
   - Nelson Mandela “Əfvedilməz” filmi haqda fikirlərini sizinlə bölüşdü?
   - Mənə elə gəldi ki, filmi ona göstərdiyimiz zaman o incimədi. Filmdə qəhrəmanın həbsxanadan çıxma səhnəsi zamanı isə mənə tərəf əyilib: “Bu oğlanı mən yaxşı tanıyıram”, - dedi.
   - “Uçurumla toqquşma” (“Deep impact”) filmində Amerika Birləşmiş Ştatlarının prezidenti rolunu oynamısınız. Bəs Barak Obamayla necə, görüşmüsünüzmü?
   - Bəli, bir neçə dəfə görüşmüşük. O, gənc, hətta deyərdim, prezident vəzifəsi üçün çox sadə insandır. Çox səmimidir.
   - Kinoya gələnədək uzun illər teatr və televiziyada çalışmısınız. “Küçə oğlanı” filmi ekranlara çıxanda sizin 50 yaşınız var idi...
   - Kinematoqraf karyeram gec başladığı üçün bəzən təəssüf hissi keçirirəm. Lakin taleyə minnətdaram ki, bunu mənə bəxş etdi. Çünki heç bir zəmanət yoxdur - bu karyera başlamaya da bilərdi.
   - Teatra qayıtmaq necə, istərdinizmi?
   - Xeyr. Çünki uşaqlıq arzum kinoaktyor olmaq idi, lakin təəssüf ki, həyatda qəbul olunduğun yerdə işləmək məcburiyyətində qalırsan. Səhnədə oynadığım dövrdə kinonu çox gözlədim. Nəhayət, o gəlib çıxdı.
   - Filmlərə çəkilmədiyiniz zaman nə edirsiniz?
   - Zövq almaq üçün mən hər zaman işləyirəm. Filmlərin səsləndirilməsində iştirak edirəm.
   - Yeri gəlmişkən, sizin özünəməxsus səs tembriniz var. Səsinizi bəyənirsinizmi?
   - Hərdən. Səhər yuxudan oyandığım zaman səsim dərin və mənalı səslənir. Əksər hallarda isə o başqa cürdür. Səsimin nadir olması haqda danışılanda bundan utanıram. Mənə adi səs kimi gəlir.
   - İstirahət zamanı səfərlər edirsinizmi?
   - Məzuniyyətimi Karib dənizində keçirirəm. Orada məni gözəl gəmi gözləyir.
   
   Hazırladı: Reyhan İsayeva