Şamaxı rayonunda uşaqların IV Ümumrespublika forumunun iştirakçıları üçün yay məktəbi təşkil edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin UNICEF ilə birgə təşkil etdiyi yay məktəbində Azərbaycanın müxtəlif bölgələrindən uşaqlar iştirak edir.
Yay məktəbinin iştirakçılarına uşaq hüquqları, internet təhlükəsizliyi, asudə vaxtın səmərəli təşkili, ətraf mühitin qorunması və sağlam həyat tərzi, uşaqlarda liderlik keyfiyyətlərinin artırılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması mövzularında təlimlər keçilir. Komitənin əməkdaşları tərəfindən uşaqlarla aktiv müzakirələr aparılır.
Yay məktəbi çərçivəsində iştirakçıların Şamaxının Məlhəm kəndində yaşayan uşaqlarla görüşü təşkil edilib. Kənd uşaqları asudə vaxtlarını necə keçirmələri barədə məlumat verib, yay məktəbinin iştirakçıları ilə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, uşaqların IV Ümumrespublika forumunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNICEF-in birgə təşkilatçılığı ilə 2017-ci ilin noyabr ayında keçirilməsi nəzərdə tutulub. Yay məktəbi iyulun 28-dək davam edəcək.