Ayla İordaniya Universitetində təhsil aldığı dörd il ərzində burada Azərbaycanın elçisi olub və biz onun sayəsində bu ölkə barədə çox şey öyrənmişik. Bu sözləri İordaniya Dövlət Universitetinin müəllimi və dekanı Zoubi Zoubi 2017-ci il məzunlarının təntənəli yığıncağında həmvətənimiz Ayla Cəfərovanı ali məktəbi bitirməsi münasibətilə təbrik edərkən söyləyib.
Dekan bildirib ki, biznesin idarə olunması ixtisası üzrə təhsilini müvəffəqiyyətlə başa vuran A.Cəfərova, eyni zamanda vətənpərvərliyi ilə seçilib. O, yorulmaq bilmədən hamını ölkəsi ilə tanış etməyə çalışıb, dəfələrlə Azərbaycandan, onun iqtisadi nailiyyətlərindən, ölkəmizin beynəlxalq məkanda yerindən, zəngin mədəniyyətindən, adət-ənənələrindən bəhs edən təqdimatlar keçirib, ətrafındakı insanları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb.
Tələbənin əsas vəzifəsi yaxşı oxumaqdır. Xarici ölkənin ali məktəbində oxumaq isə təmsil etdiyin ölkəyə və xalqa görə üzərinə ikiqat məsuliyyət qoyur. Bu baxımdan həmvətənimizlə fəxr edə bilərik.