Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə yay mövsümü ərzində mədəni xidmətlərin təşkilinə dair tədbirlər planına əsasən konsert proqramları davam edir.
İyulun 22-də “Qala divarları” ərazisində M.F.Axundzadə adına Mədəniyyət mərkəzinin tabeliyində olan Aşağı Küngüt Diyarşünaslıq evinin, Kiş kənd Folklor klubunun, ayın 23-də isə B.Axundov adına şəhər Folklor evi, Qayabaşı, Aşağı Göynük və II Biləcik kənd diyarşünaslıq klublarının bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Müğənni Nizami Məmmədovun ifasında səslənən mahnılar və Vəfa Cəfərovanın rəhbərliyi ilə rəqs qrupunun ifa etdiyi milli rəqslər xarici və yerli turistlərin marağına səbəb olub.
* * *
S.Vurğun adına Qax rayon Mədəniyyət mərkəzinin özfəaliyyət kollektivləri isə “El- Resort” hotelində xarici turistlər qarşısında konsert proqramı ilə çıxış edib.
“Çeşmə” instrumental ansamblının üzvlərindən Əfraim Yəhyayevin, Arzu Dunusovanın, Gülgün Cumazadənin, balaca xanəndə Abdusalam Şabanlının ifa etdikləri bəstəkar və xalq mahnıları, Qax-İngiloy kənd Mədəniyyət evinin “İmedi” rəqs qrupunun rəqsləri, mədəni təşkilatçı Aluda Muradaşivilinin ifa etdiyi gürcü və rus estrada mahnıları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.