Sankt-Peterburq telekanalında ölkəmiz haqqında növbəti veriliş yayımlanıb
   
   Ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğunun dəstəyi ilə Rusiyanın “şimal paytaxtı”nın televiziya kanalında “Azərbaycana aparan yol” silsiləsindən növbəti veriliş yayımlanıb. Veriliş “Azərbaycanda multikulturalizm həyat tərzidir” adlanır.   
   Verilişdə qeyd olunub ki, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycan dünyanın ən tolerant və multikultural ölkələrindən biridir. Rusiyalı tamaşaçılara məlumat verilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında ölkədə multikultural ənənələrin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Ölkədə azsaylı xalqlara, onların milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə hörmətlə yanaşılır. 60-dan çox millətin nümayəndəsinin yaşadığı çoxkonfessiyalı Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. 
   Vurğulanıb ki, Azərbaycan dünyada tolerantlığı və mədəni müxtəlifliyi təbliğ edən bir sıra beynəlxalq tədbirlərə, o cümlədən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna, Bakı Beynəlxalq Humanitar Forumuna, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib. Həmçinin Azərbaycanda birinci Avropa Oyunları, “Formula-1”, IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər idman yarışları uğurla təşkil edilib.
   Daha sonra verilişdə İsmayıllı rayonunun İvanovka kəndindən bəhs olunur. Məlumat verilir ki, kəndin əsası çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulub. İvanovkada hazırda ruslarla yanaşı, ləzgilər və azərbaycanlılar da yaşayır. Burada insanlar ailə dəyərlərinə çox önəm verirlər. Onlar ata-babalarının əsrlər əvvəl qoyduğu milli ənənələri qoruyub saxlamağı özlərinə borc bilirlər. Həmçinin Quba rayonunda yəhudilər yaşayan Qırmızı Sloboda qəsəbəsindən də söhbət açılır. Bildirilir ki, burada azərbaycanlılar və ləzgilər də yaşayırlar. 
   Müəllif M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılan Bakı Slavyan Universitetini multikulturalizm məbədi kimi təqdim edir. Vurğulanır ki, bu ali təhsil ocağı tolerantlığı və multikultural dəyərləri dünyaya layiqincə təqdim edir.
   Verilişdə ölkəmizdə multikulturalizmin daha bir məkanı sayılan Azərbaycan Dövlət Rus Dram Teatrından da söhbət açılır. Qeyd edilir ki, “Azərbaycan multikulturalizmi” ifadəsinin arxasında çox böyük tarixlə yanaşı, yüksək mədəniyyət dayanır. Azərbaycan multikulturalizminin dünya modelləri arasında xüsusi yeri var və ölkəmizdə multikulturalizmin siyasi, mədəni, ədəbi qaynaqları çox zəngindir.
   Müəllif Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ili isə “İslam həmrəyliyi ili” elan etməsi multikulturalizmin və tolerantlığın Azərbaycanın dövlət siyasətində aparıcı xətt olmasının sübutu kimi təqdim edilir.