Xəbər verildiyi kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), UNESCO, “Erasmus+”, “ALADDİN layihəsi” və Azərbaycanın Gənc Dostları Klubunun birgə təşkilatçılığı ilə ölkəmizdə “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya” adlı V Beynəlxalq multikulturalizm yay məktəbi keçirilir.
20-dən çox ölkədən gənclərin qatıldığı yay məktəbinin üçüncü günü, iyulun 26-da Qax rayonunda konfrans keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nicat Məmmədlinin “Azərbaycanda dini müxtəliflik”, ABŞ Merrimack kollecinin professoru Jozef Merinin “Yaxın Şərq yəhudiləri, xristianları və müsəlmanlarının avtobioqrafik əsərlərində müqəddəs və dünyəvi elementlər” mövzularında mühazirələri dinlənilib.
V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları daha sonra Şəkiyə gələrək şəhərin tarixi məkanları ilə tanış olub, görməli yerlərini gəziblər.
Əcnəbi gənclərin qədim diyarla ilk tanışlığı Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayını ziyarətlə başlayıb. Qonaqlara məlumat verilib ki, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi memarlıq abidəsi olan saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə tikilib. İnşaat texnologiyasına görə dünyada bənzəri olmayan sarayın tikintisində mismar və yapışqandan istifadə edilməyib. 300 kvadratmetr sahəsi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan var.
Yay məktəbinin iştirakçıları sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Sonra qonaqlar sarayın yerləşdiyi “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun ərazisini gəziblər. Diqqətə çatdırılıb ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir.
Qoruğun ərazisində yerləşən XVIII əsrin sonlarına aid “Yuxarı Karvansaray” kompleksi ilə tanışlıq da maraq doğurub. Məlumat verilib ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks üç yüzədək otaq və zirzəmidən ibarətdir. Hazırda tikili mehmanxana kimi fəaliyyət göstərir.
Şəkiyə səfərləri çərçivəsində qonaqlar Kiş kəndindəki qədim alban məbədini də ziyarət ediblər. Bildirilib ki, məbəd eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. 2001-2003-cü illərdə məbəddə Azərbaycan-Norveç birgə layihəsi üzrə bərpa işləri aparılıb. Məbəd tarixi memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Məbədin içərisindəki Yaloylutəpə mədəniyyətinə aid nümunələr, orta tunc-antik dövrə aid saxsı qablar, həyətindəki ilkin orta əsrlərə məxsus sərdabələr əcnəbi gənclərin böyük marağına səbəb olub.
V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Şəkidən zəngin təəssüratlarla ayrılıblar.