Saysız sənət şedevrləri, serial (və qeyri-ordinar) eşq-məhəbbət “roman”ları...
   
   Bunların bir ömrə necə sığışmasını nə simfoniyalar ehtiva edə bilər, nə romanlar... 
   Dünyadolusu şöhrət, ad-san yiyəsi, sevgi, rəğbət subyekti ola-ola -“Həyatda kim olursan ol, təkcə varlıların əlinə baxan musiqiçi olma” deyən bir dahi. 
   Bəli Ferens List! Varlı-hallı knyazlara məxsus malikanələrdən birinin işlər müdirinin oğlu, nəhayətsiz istedad zəngini - ömrünün son çağında belə bir qənaətə gələn böyük macar pianoçusu və bəstəkarı...
   İstedadlı musiqiçi kimi tanınan ata bu oğlunun musiqi qabiliyyətini hiss etdiyi gündən rahatlıq tapa bilməyib, kasıblıq səbəbindən ona özü dərs deməyə başlayır və bu gələcək dahi də atasını məyus etmir. Doqquz yaşında ilk dəfə baron fon Esterqazinin musiqi gecəsində elə gözəl bir çıxış edir ki, bütün Macarıstan silkələnir. 
   Bundan sonra daha böyük, daha səs-küylü çıxışlar. Lakin həyat “uğurlu zərbələr” də hazırlayırmış; atasyla Parisə gəlib, müraciət etdikləri bu adam dövrün ən nüfuzlu konservatoriyasının direktoru öz qarşısında parlaq fransız ulduzlarını kölgədə qoyası vunderkindi görüb, guya “əcnəbiləri qəbul etməyə ixtiyarı yoxdur” bəhanəsilə onlara rədd cavabı verir... 
   Ferens isə öz üzərində durmadan çalışır, çoxlu mütaliə edir, fasiləsiz olaraq konsertlər verir, 14 yaşında Avropanı gəzib-dolaşır və... 16 yaşında sevimli ata-müəllimini itirir. 
   ...Günlərin birində dünya şöhrətli Paqanininin skripkada çalğısını dinləyən Ferens belə bir virtuoz ifaya fortepianoda da müvəffəq olmaq qərarına gəlir və gərgin əmək-əzmkarlığı sayəsində buna nail olur. 1839-cu ilin Avropa ölkələri qastrolunda şöhrəti dillər əzbəri Trauberqlə sınaq-yarış (kimin daha virtuoz olduğunu sübut etmək) qərarına gəlir və qələbə çalır. Bu qalibiyyətdən sonra şan-şöhrəti daha uzaqlara yayılan List bir çox Avropa ölkələrində konsertlər verməyə başlayır. Veymarda məşhur simfonik poemalarını (yenicə kəşf etdiyi bir janr olaraq), simfoniyalarını, fortepiano üçün konsertlərini və sonatalarını yaradır. 
   “Fortepiano sadəcə evdə çalınan musiqi aləti deyil, onun böyük gələcəyi var” qənaəti, royalı əsl orkestrə “çevirməsi” Listin əsas xidmətlərindən biri sayılırdı. Çalğı manerasına görə bəzilərinin “sehrbaz” adlandırdıqları List yazırdı: “Dənizçi üçün gəmi, ərəb üçün at nədirsə, royalım da mənim üçün odur...” 
   Hələ doqquz yaşından məşhur ailələrdə (xüsusən, gənc qız-qadınların tələb-təkidilə) konsertlər verməyə başlamış bu sarışın uşağın musiqi və zərif davranışlar istedadı zəmanəsinin bütün zənginlərini heyrətə və... onu daha çox, daha uzunmüddətli əldə etmək rəqabətinə salmışdı. Ətrafın bu şöhrətpərəst “azarkeş”liyi, nəticə etibarilə, böyük sənət dividentinə də səbəb olur; Ferens zənginlərin topladığı vəsaitlə Vyanaya - ali təhsil almağa gedə bilir. 
   Bundan belə Macarıstanın səviyyə və var-dövlət zənginləri Ferensin tale-tərcümeyi-hal səhifələrində öz izlərini qoymaq istəyirlər. Listlər ailəsi Vyanaya köçdükdən sonra Ferensdən “yeni Motsart” kimi danışırlar. O, Bethovenin tələbəsi Çernidən dərs alır, Salyeridən musiqi nəzəriyyəsi öyrənir. Çalğısını eşidib riqqətə gələn Bethovenin onun alnından qeyri-adi bir jestlə öpmə tərzi gələcəyinə verilən ən ali xeyir-dua kimim qiymətləndirilir.
   Təhsildən qayıtdıqdan bir müddət sonra cəmiyyət bu “mütləq düha”nın tanıtım arsenalına “sənət və məhəbbət dahisi” deyimini də əlavə edir. 
   Və bu macəralardan bir-ikisi -
   
   Haqda...
   
   Öncə, qısaca olaraq, ən gənc “vaqe”sindən.
   Hələ qəlbləri bəstəkarlığından çox, pianoçuluğu ilə fəth etməkdə olan Ferens iyirmi dörd yaşındaykən pianoçu Mariya d`Aqu ilə tanış olur. Məşhur bir fransız qrafın xanımı olan qrafinya, List vurğunluğuna düşcək, ərini və uşaqlarını ataraq, həmin vaxtlar onun yaşadığı İsveçrəyə gedir. Bu nikahla Ferensə “mən çox xoşbəxtəm” etirafı da etdirən qrafinya ona bir oğlan, iki qız bəxş etsə də, keçmiş zəngin aləmlə indiki qapalı, darıxdırıcı həyatın müqayisəsinin nəticəsi olaraq (ikitərəfli razılıqla) ayrılır. 
   Demə, bu ayrılığın ardınca “Ferens və Karolina” birliyi gəlirmiş...
   Deməli, artıq “dahi” titullu macar bəstəkar-pianoçu-dirijoru və elm, səyahət, incəsənət, harmoniya həvəsli gənc, gözəl, aristokrat bir polşalı qadın. Birinci - bu barədə heç kimə hesab-hesabat verməyəsi kişi, ikinci - 17 yaşındaykən ərə getdiyi 39 yaşlı (kobud, saysız-hesabsız məşuqələri olan) knyazdan bezmiş, dəfələrlə boşanmaq istəyi baş tutmayan bir qadın... 
   Çox az adam bilirmiş ki, bu qanuni ər “talesizi” olan Karolina o anlaşılmaz “Ferens məhəbbəti”ni hələ lap yeniyetməliyindən daşıyırmış qəlbində. Onu qınayanlar da olurmuş, “neyləsin, bu əclaf gənc macarın özü də - ecazkar musiqiləri qədər cəzbedicidir!” deyənlər də. 
   Kübar cəmiyyətlərin qeyri-adi sevgi jarqonu kimi səslənən bu “əclaf” - son dərəcə həssas, emosional, qeyri-adi romantik, ən cüzi kobudluğa, qeybətə yad, sənətə, gözəlliyə dəxli olmayan mübahisə, isterikalara dözümsüz, alilik, ruhanilik zirvəsi hesab edilən List isə başqa karolina-mariya romanları yaşamaqda davam edir.
   1847-ci ildə Kiyev qastroluna gedən pianoçu az sonra biləcəkdi ki, salonlardakı minlərlə pərəstişkarı arasında “Bənzərsiz List sevgili” bir aristokrat qadın da var; Karolina Sayn Vitqenşteyn adında.
   Onun bütün konsertləri üçün bir bileti yüz qat, hər nəzər-diqqəti, alqış-bravonu min dəfə artıqlamasilə ödəyən qrafinyaya List çox tez aşiq olur. Vətəninə “deyəsən, həyatıma əsl bir sevgi gəlir” hissilə qayıdır və “ondan ayrı yaşaya bilməyəcəyəm” qərarı ilə Karolinanın yanına köçüb, evlilik təklif edir.
   İmperator isə onun boşanmasını qəbul etmirdi və “əgər artıq hərəkət etsə, hər şey əlindən alınacaq” qərarında idi. Çox tərəddüdlər keçirən Karolina isə sonda - o dövrdə qadınçün “son yaramazlıq” sayılan bir qərara gəlir: ölkəsindən qaçmaq! Əlbəttə, Almaniyaya - Listin yanına!..
   İmperator da dediyini edir və beləliklə, sonralar qızının da yazdığı kimi, Karolina öz vətənini, nəhayətsiz əmlakını, cəmiyyətdəki yüksək yerini List seçiminə qurban verməli olur...
   Haşiyə: Rusiya konsertlərinin birində lojada əyləşmiş imperator I Nikolay yavərilə çox ucadan danışdığı anda List qəfildən əllərini royaldan çəkir. Əlcəyini ona tərəf yellədərək “Nə baş verib? Davam edin!”, - deyə əsəbiləşən siyasi imperatora sənət imperatoru belə cavab verir: “Zati-aliləri, imperator danışanda, hamı susmalıdır...” 
   Nikolay konserti sonuna qədər məhzun bir sükut içində dinləməkdə, Listə “Bir daha geri dönməmək şərti ilə 24 saat ərzində Rusiyanı tərk etməlisiniz” göstərişi verəsi polismeyster isə onun çıxışını başa vurmasını səbirsizliklə gözləməkdə...
   
   Beləliklə;
   
   Bir-birindən gözəl əsərləri musiqisevərlərimizə yaxşı tanış və bu texnika-internet əsrində hər kəs üçün əlçatan olduğuna görə, haqqında saatlarla danışmaq, səhifələrlə yazmaq mümkün olan bu böyük sənətkar haqda bu qədər...
   
   Tahir Abbaslı