Elxan Cəfərov: “Dolu” filmində Qarabağ müharibəsini “heç kim və heç nə unudulmur” prizmasından göstərəcəyik”
Elxan Cəfərov 1967-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Atası Pərviz Cəfərov sənədli filmlər rejissoru, anası Mailə Muradxanlı Azərbaycanın tanınmış jurnalist və publisisti olub. Elxan kiçik yaşlarında uşaq filmlərində çəkilib. Orta məktəbi bitirdikdən sonra Moskva Dövlət Kinematoqrafiya İnstitutunda aktyorluq fakültəsində təhsil alıb.
Bir müddət Azərbaycan Dövlət Dram Teatrı və “Yuğ” teatrında aktyor kimi çalışıb. Azərbaycan Dövlət Televiziyasında və özəl studiyada çalışıb. 1995-ci ildə ilk qısametrajlı filmini, sonralar isə müxtəlif klip və reklam çarxları çəkib. İki tammetrajlı bədii filmin rejissorudur. “Əlavə təsir” filmi ötən il tamaşaçılara təqdim olunub. Rejissorun yeni ekran əsəri yazıçı-jurnalist Aqil Abbasın “Dolu” romanı əsasında çəkilən eyniadlı bədii film olacaq. Onunla söhbətə də buradan başladıq.
- Artıq hazırlıq dövrü başa çatıb və çəkiliş mərhələsinə qədəm qoyuruq. Filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssam Rafiq Nəsirov, icraçı prodüser Nadir Əliyevdir. Çox güman ki, bəstəkarımız Polad Bülbüloğlu olacaq. Filmdə aktyor qismində yeni simaları görəcəksiniz. Ekran əsəri Qarabağ mövzusundadır. Cəbhədə, döyüş bölgəsində insanların psixoloji portretləri canlandırılacaq. Bu, qəhrəmanlıq odasıdır. Məqsədimiz “heç kim və heç nə unudulmur” prizmasından xalqımızın Qarabağ müharibəsində göstərdiyi rəşadəti tamaşaçıya təqdim etməkdir.
- Müharibəni hansı aspektdən göstərəcəksiniz?
- Müharibə hər bir halda böyük faciələr deməkdir. Müharibə görmüş xalq mənəvi və fiziki sarsıntılar keçirir. Biz müharibəni daha çox sülh prizmasından göstərməyə çalışacağıq. Filmdə düşmən obrazını deyil, daha çox xalqımızı, düşdüyümüz vəziyyəti təqdim edəcəyik.
- Bəs növbəti filmlərinizdə daha hansı mövzulara müraciət etmək istərdiniz?
- Rejissor peşəsinin mühüm xüsusiyyəti var - bugünkü sosial, iqtisadi, psixoloji, mənəvi vəziyyəti düzgün dəyərləndirib ortaya ekran əsəri çıxarmaq. Yaradıcı insan cəmiyyətdə olan problemlərin həllində vasitəçilik etməlidir. Qarabağ probleminin həlli də yaradıcı insanların üzərinə bir məsuliyyət qoyur.
- Bəs bu yöndə tamaşaçı kütləsinə hansı filmlər təqdim olunmalıdır? Sizcə, Azərbaycan tamaşaçısı milli kinodan necə filmlər gözləyir?
- Azərbaycan tamaşaçısı səviyyəli film görmək istəyir. Bu, ilk növbədə, texniki göstəriciləri ehtiva edir. Yəni film həm də müasir texniki göstəricilərə cavab verməlidir. Kino industrial sənətdir və bu gün Azərbaycan kinosunun yeni texniki imkanlara, texnologiyaya ehtiyacı var. Bu problemin həlli kinoda yaradıcı, bədii məsələlərin həllinə də zəmin olacaq.
- Yəni texniki problem həllini tapsa, digər problemlər asanlıqla həll olunacaq?
- Onu dəqiq deyə bilmərəm, lakin əgər “Formula 1” yarışmasında birinci olmaq istəyiriksə, bizə ilk növbədə yaxşı maşın lazımdır.
- Bəs özünüz necə, çəkdiyiniz ekran əsərlərinin bədii keyfiyyətini qaneedici sayırsınızmı?
- Bədii yaradıcılıqda hədd yoxdur. İki bədii film çəkmişəm və üçüncünün üzərində işləyirəm. Bədii filmlərdən öncə klip, reklam çarxları, qısametrajlı filmlər çəkmişəm. Eyyub Yaqubovun “Yenə o bağ olaydı” klipini, “Qarabağdır Azərbaycan” qısametrajlı filmini xüsusi qeyd edə bilərəm. Eyni zamanda, “Əlavə təsir” bədii filminin adını çəkmək istərdim.
- Klip və kino estetikasının fərqliliyi nədir?
- İndustrial, peşəkar nöqteyi-nəzərdən Hollivudun filmləri hər zaman fərqlənir. Eyni zamanda, o da bəllidir ki, bir çox tanınmış Hollivud rejissorları bədii kinoya reklam və ya klip çəkilişindən gəlib. Onlar hadisəni daha yığcam təqdim etməyi bacarır. Bu da kinematoqrafın inkişafına gətirib çıxarır. Sovet dövründə kinematoqrafın statusu daha yüksək idi. Reklam və ya klip anlayışı ya yox idi, ya da bir qədər aşağı hesab olunurdu. Mən rejissor olaraq klip və reklam bazarında formalaşmışam və əgər bu gün film çəkə bilirəmsə, bu artıq göstəricidir. Ən vacib fərq ondadır ki, kino emosiyalarla kino olur, klip isə informasiya ilə. Klipin 1 dəqiqəsində daha çox informasiya verməlisən. Kinoda isə yanaşma fərqlidir. Ancaq hər ikisi hərəkətdir. Biri daha sürətli, digəri isə ləng.
- Bəs aktyorluğa necə, qayıtmaq istərdiniz?
- Əsla. Aktyor olaraq doğulmaq lazımdır. Mən bu kateqoriyadan deyiləm. Kamera qarşısında hər zaman özümü narahat hiss etmişəm.
- Kinonu nəyə dəyişərdiniz?
- Heç bir peşəyə dəyişməzdim. Kinonu övladlarımın xoşbəxtliyi, ailəmin, torpağımın səadətinə dəyişərdim.
Reyhan İsayeva