Əməkdar mədəniyyət işçisi, yazıçı-jurnalist Afət Sadıqoğlunun “Türk dünyasının Kıbrısı” kitabı çapdan çıxıb. Tarixi, beynəlxalq münasibətlər və bədii mövzularda bir neçə kitabın müəllifi olan Afət Sadıqoğlunun yeni kitabı Şimali Kipr Türk Respublikasına səfərlərinin təəssüratlarından və yol qeydlərindən ibarətdir. Müəllif ölkələrimiz arasında əlaqələrin genişlənməsi, Şimali Kipr Türk Respublikasının tarixi, ictimai-siyasi, sosial-iqtisadi həyatı, inkişafı və Kipr problemi barədə qeydlərini qələmə alıb.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Abbas Seyidov, redaktoru Əməkdar jurnalist İttifaq Mirzəbəyli, məsləhətçisi və “Ön söz”ün müəllifi Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Ufuk Turganerdir.
Kitab “Kıbrıs adası”, “Tarixin səhifələri”, “Quzey Kıbrısda mətbuat”, “Turizm imkanları”, “Mədəniyyətlərin paytaxtı Lefkoşa”, “Kıbrısın turizm incisi Girnə”, “Quzey Kıbrıs və Azərbaycan əlaqələri”, “Kıbrıs mətbəxi” və digər bölmələrdən ibarətdir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın ərsəyə gəlməsində müəllif Azərbaycan, türk, rus və ingilis dillərində ədəbiyyatdan istifadə edib.