Milli Qəhrəman Aqil Quliyevə həsr olunmuş sənədli film təqdim olundu
İyulun 18-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevə həsr olunmuş “Vətən sağ olsun” adlı sənədli filmin təqdimat mərasimi keçirildi.
Film Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə əsasında çəkilib.
Tədbiri giriş sözü ilə açan hərbi jurnalist, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı Milli Qəhrəman Aqil Quliyev haqqında məlumat verdi. Qeyd olundu ki, Xocalıda həlak olmuş Aqil Quliyev nəsillərə örnək olacaq qəhrəmanlardandır. Onun döyüşlərdə göstərdiyi şücaət, rəşadət, amalından dönməzliyi yüksək vətənpərvərlik keyfiyyətləridir.
Qəhrəmanlıq silsiləsindən filmlərin davamlı olaraq geniş məlumatlarla tamaşaçılara çatdırılacağını bildirən Ş.Əlizamanlı yaxın vaxtlarda Milli Qəhrəman Fəxrəddin Səfərova həsr olunmuş ikinci filmin də təqdim ediləcəyini dedi.
Qeyd edək ki, tədbirdə Milli Qəhrəman Aqil Quliyevin döyüş yoldaşları, yaxın qohum və dostları iştirak edirdi.
“Vətən sağ olsun” filminin rejissoru Mahir Dərviş, ssenari müəllifi Ehtiram İlhamdır.
Yeganə