Xəbər verildiyi kimi, Prezident İlham Əliyev avqustun 19-20-də ölkənin qərb zonasına səfəri zamanı Göygöl, Samux, Gədəbəy və Şəmkir rayonlarında aparılan quruculuq-abadlıq işləri ilə tanış olub, yeni sənaye müəssisələri, sosial və mədəniyyət obyektlərinin açılışında iştirak edib.
Dövlət başçısı Şəmkir şəhərində əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, muzeydə əsaslı yenidənqurma və təmir işlərinə 2015-ci ilin aprelində başlanılıb və işlər ötən ilin noyabrında başa çatdırılıb.
Muzeyin ümumi ərazisi 0,26 hektardır. İki mərtəbədən ibarət muzey binasının ümumi sahəsi isə 800 kvadratmetrdir. Muzeyin birinci mərtəbəsində iki bölmə yerləşir. Birinci bölmədə miniatür rəsm sərgisi və ekspozisiya zalı, ikinci bölmədə isə elektron informasiya lövhəsi və ekspozisiya zalı var. Muzeydə mövcud olan 6 minə yaxın eksponatdan 350-si ekspozisiya zallarında sərgilənir. Bu eksponatlar əsasən qədim tunc dövrünə və XVIII-XIX əsrlərə aiddir. Binanın həyətyanı sahəsində yaradılmış “Açıq muzey”də müxtəlif filmlərin personajlarının heykəlləri qoyulub. Həyətdə müasir işıqlandırma sistemi quraşdırılıb və yaşıllıq zolağı salınıb.
Prezident Gədəbəy şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Orijinal memarlığı ilə şəhərin gözəlliyini daha da artıran Heydər Əliyev Mərkəzinin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Gədəbəy rayonuna səfərlərini əks etdirən fotolardan ibarət stendlər quraşdırılıb. Mərkəzin yerləşdiyi ərazidə hündürlüyü 70 metr olan bayraq dirəyi ucaldılıb. Bayraq dirəyinin ay-ulduz formasında inşa olunmuş postamentinin üzərində Azərbaycan Respublikasının gerbi, xəritəsi və dövlət himninin sözləri əks etdirilib.
Məlumat verilib ki, ümumi sahəsi 3500 kvadratmetrdən çox olan mərkəzin tikintisi yüksək səviyyədə həyata keçirilib. Burada ulu öndər Heydər Əliyevin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, tarixi sənədlər və fotoşəkillər nümayiş olunur.
Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün 242 yerlik konfrans zalı, rəqs zalı, elektron kitabxana var. Burada həmçinin rəsm, foto və poliqrafiya studiyaları, heykəltəraşlıq dərnəyi, intellektual oyun otağı, saz emalatxanası, həmçinin ingilis, rus və fransız dilləri kabinetləri, o cümlədən ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərəcək.