Prezident İlham Əliyev avqustun 5-də görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Emin Sabitoğlunun (Emin Sabit oğlu Mahmudovun) 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda vurğulanır ki, Emin Sabitoğlu rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi milli-mədəni ənənələr zəminində yüksələn və müasir musiqinin nailiyyətlərindən uğurla bəhrələnərək Azərbaycanın mədəniyyət salnaməsini zənginləşdirən şəxsiyyətlərdəndir. Bəstəkar sözlə nəğmənin ahəngdar vəhdətində mahnı janrının nadir incilərini meydana gətirmiş, çox sayda kinofilmlər və teatr tamaşaları üçün yazdığı yaddaqalan melodiyalarla unudulmaz bədii lövhələr yaradıb.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Emin Sabitoğlunun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.