Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
   Sənəddə qeyd olunur ki, Azərbaycanın zəngin və tolerant tarixi irsinin, tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və təbliği üçün ölkədə sistemli fəaliyyət həyata keçirilir. Son illər ərzində mədəniyyət sahəsində böyük investisiya proqramları həyata keçirilmiş, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, konsert-tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilmiş, habelə mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
   Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət mərkəzinin, Qaradağ rayonunun Qızıldaş qəsəbəsində və Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən mədəniyyət mərkəzlərinin, Nərimanov rayonunda yerləşən 21 nömrəli Musiqi məktəbinin tikintisinin və təchizatının tamamlanması, Bərdə şəhərində “Allah-Allah” türbəsinin bərpası işlərinin tamamlanması üçün ümumilikdə 6,987 milyon manat vəsait ayrılıb.