Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Respublikanın Əməkdar artisti Mərdan Feyzullayev 2017-ci il avqustun 13-də ömrünün 58-ci ilində vəfat etmişdir.
Mərdan Feyzullayev 1959-cu il fevralın 3-də Şəki şəhərinin Kiş kəndində anadan olmuşdur. 1979-1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində, 1984-1989-cu illərdə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil almışdır.
1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi yaradıcılıq yoluna qədəm qoyan M.Feyzullayev, 1985-1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989-1998-ci illərdə isə baş rejissor vəzifəsində işləmişdir. Şəki teatrında M.F.Axundzadənin “Hacı Qara” komediyasında Xudaverdi, U.Şekspirin “Romeo və Cülyetta” faciəsində Paris, K.Çapekin “Ağ xəstəlik” əsərində Professor, K.Morlonun “Böyük Teymurləng” tarixi dramında Çingiz xan və s. obrazlar yaratmaqla yanaşı, həmçinin C.Məmmədquluzadənin “Dəli yığıncağı” və “Danabaş kəndinin məktəbi”, H.Cavidin “İblis”, N.Dumbadzenin “Ağ bayraqlar”, M.Bulqakovun “Ustad və Marqarita”, B.Vahabzadənin “Dar ağacı”, Ə.Nesinin “Sən Qara deyilsən”, İ.Drutsenin “Kürən yabı”, Ç.Aytmatovun “Əsrə bərabər gün”, Anarın “Təhminə və Zaur”, M.Bayciyevin “Duel”, V.Səmədoğlunun “Yayda qartopu oyunu”, S.Vurğunun “Vaqif” tamaşalarına maraqlı quruluşlar vermişdir.
Mərdan Feyzullayev 1999-cu ildən Moskvada yaşayırdı. Moskva şəhərində fəaliyyət göstərən «Dərviş» Azərbaycan teatrının direktoru və bədii rəhbəri idi. Sənətçi Moskvada “Na Perovskoy”, Simonov adına dram teatrlarında, “Kölgə”, Komediya, “Zümrüd quşu” teatrlarında müxtəlif səhnə əsərləri (E.Fedotovun “Moskvasayağı reinkarnasıya”, Ə.Nesinin “Öldür məni, əzizim!”, S.Vannusun “O şah, ya qeyrisi”, S.Mrojekin “Serenada”, R.Kiplinqin “Fil balası”, E.Şvartsın “Kralın yeni libası” və s.), eləcə də “Dərviş” Teatrında M.F.Axundzadənin “Lənkəran xanının vəziri”, Elçinin “Şekspir”, B.Vahabzadənin “Gülüstan”, Ü.Hacıbəylinin “Arşın mal alan”, N.Gəncəvinin “Leyli və Məcnun”, C.Məmmədquluzadənin “Anamın kitabı” kimi janr etibarilə rəngarəng tamaşalar hazırlamışdır.
Mərdan Feyzullayevin xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaq.
Allah rəhmət eləsin.