Rəsm müsabiqəsi davam edir
Almaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi, “Qız qalası” İncəsənət Qalereyası və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə Bakıda keçirilən “Almaniya bir rəssamın gözü ilə” adlı rəsm müsabiqəsi davam edir.
Bu barədə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, Əməkdar incəsənət xadimi Rafiq Kərimov məlumat verib. Onun sözlərinə görə, müsabiqədə rəssamlığa marağı olan hər kəs iştirak edə bilər. Lakin əvvəllər mükafatlandırılan fırça ustaları sözügedən müsabiqəyə qatıla bilməzlər.
“Əsərlər yalnız kətan üzərində yağlı boya ilə, eni 60-80 sm, uzunluğu isə 60-100 sm olmaqla işlənməlidir. Müsabiqədə rənglərə və süjet seçiminə məhdudiyyət qoyulmur. Əsərlərin son qeydiyyat tarixi sentyabrın 15-də başa çatır. İştirakçılar sənət əsərlərini Almaniyanın Bakıdakı səfirliyinə (Nizami küçəsi 69, “İSR” Plaza, 10-cu mərtəbə) və Rəssamlıq Akademiyasının Beynəlxalq əlaqələr şöbəsinə təhvil verməlidirlər”, - deyə R.Kərimov vurğulayıb.
Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “Qala Həyat” sığorta şirkəti və “Berlin-Bakı” Rəsm Qalereyası da müsabiqəyə təşkilati dəstək verirlər.