Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un həyata keçirdiyi ənənəvi layihələrdən biri də “Türk dünyası şairlər görüşü”dür. Layihə hər il türk dünyasının bir önəmli şairinə həsr edilir. Builki layihə XVIII əsrin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin (1717-1797) anadan olmasının 300 illiyinə həsr edilib.
   Tədbirin açılış mərasimi avqustun 25-də Qazaxıstanın bu il “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Türküstan şəhərində gerçəkləşdi. Türkiyə Cümhuriyyəti Baş Nazirliyi yanında Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA), TÜRKSOY, Dünya Yazarlar və Aydınlar Dərnəyi, Xoca Ahməd Yasəvi Universiteti, Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi, Cənubi Qazaxıstan Vilayəti Valiliyi və Türküstan Bələdiyyəsinin işbirliyi ilə baş tutan tədbirə Qazaxıstanın Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universiteti ev sahibliyi edirdi. 
   “Şairlər görüşü”nə Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Qaqauz Yeri (Moldova) və Rusiyadan (Başqırdıstan, Dağıstan, Saxa-Yakutiya, Tatarıstan) gələn 25 şair qatılmışdı. Tədbirdə Azərbaycanı tanınmış şair, Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlı və “Vektor” Beynəlxalq Elm Mərkəzinin baş direktoru, şair Elçin İsgəndərzadə təmsil edirdi. 
   Qonaqları Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universitetin türkdilli ölkələrin bayraqları ilə bəzədilmiş giriş zalında milli geyimli rəqqasələr qarşıladı. Müxtəlif rəqs nümunələri və musiqi ifaları tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaradırdı. 
   
   “Vaqifin əsərləri bütün dönəmlər üçün aktualdır”
   
   Sonra tədbirin rəsmi hissəsinə start verildi. Çıxışlardan öncə Türkiyə və Qazaxıstanın dövlət himnləri səsləndirildi. 
   Açılış nitqi ilə çıxış edən TÜRKSOY-un Qazaxıstan təmsilçisi Askar Turqanbayev öncə layihə haqqında məlumat verdi. Bildirdi ki, 2017-ci il TÜRKSOY tərəfindən böyük Azərbaycan şairi Molla Pənah Vaqifin xatirə ili elan edilib: “Şairin 300 illik yubileyi münasibətilə elan olunan anım ili çərçivəsində türkdilli ölkələrdə müxtəlif tədbirlər, mərasimlər keçirilir. M.P.Vaqif çoxtərəfli fəaliyyətə malik şəxsiyyət olub. Əgər o bizi belə bir toplantı ilə bir araya gətirirsə, deməli, vətəninə, millətinə xidmət edən insan olub. Vaqifin əsərləri bütün dönəmlər üçün aktualdır. Şairlə hazırkı nəsil arasında iki əsr var, amma bu gün də əsərləri oxunur, poeziyası insanları həyəcanlandırır”.
   A.Turqanbayev şairin ictimai-siyasi fəaliyyətinə də toxundu və bildirdi ki, Vaqif bacarığı, xalq arasında nüfuzu sayəsində Qarabağ xanlığında baş vəzir vəzifəsinə yüksəlib.
   Dünya Yazarlar və Aydınlar Dərnəyinin rəhbəri, şair Osman Baş çıxış edərək “Şairlər görüşü” layihəsinin böyük əhəmiyyət kəsb etdiyini dilə gətirdi: “Bu tədbir türk dünyasının güclü şairlərini bir araya gətirərək şeir, sənət yolu ilə mədəniyyət paytaxtlarının və yaşadıqları ölkələrin mədəniyyət, ədəbiyyat və sənətlərinin tanıdılmasına töhfə verəcək. Bir millətin ayrı-ayrı dövlətlərdə yaşayan şair qardaşlarını bir araya gətirmək, tanış etmək, bilgi mübadiləsinə vasitə olmaq qarşılıqlı mədəniyyət nümunələrinin paylaşılmasını təmin etməkdən də çox gözəl nəticələr ortaya qoyacaq. Azərbaycanın yetişdirdiyi böyük dövlət adamı, şair Molla Pənah Vaqifin doğumunun 300-cü ilini qeyd edirik. Könüllərə gedən yolları şeir-şeir qət edəcəyik. Türk dünyasında yaşayan qardaşlarımızın könüllərini birləşdirmək üçün çalışacağıq. Biz Türküstandakı sevgimizi gözyaşlarımızla paylaşdıq”. 
   O.Baş onu da vurğuladı ki, türk dünyasından tədbirə qatılan şairlərin şeirləri kitab şəklində çap olunacaq. 
   Türküstan Bələdiyyəsinin sədri Alibek Şaripbekoğlu Öserbeyev şəhərin tarixindən bəhs etdi və vaxtilə bu şəhərdə müxtəlif dinlərin nümayəndələrinin bir arada əmin-amanlıq içərisində yaşadıqlarını dilə gətirdi. O, “Şairlər görüşü” layihəsinin də Türküstanda keçirilməsindən məmnunluğunu ifadə etdi. 
   Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universitetinin rektor vəkili Mehmet Kutalmış bildirdi ki, bir ölkə mədəniyyətlə nə qədər yüksəlibsə, ədəbiyyat, şeirlə də o qədər yüksələ bilib. Bunu Səlcuq, Osmanlı daxil olmaqla bir çox türk dövlətlərində, günümüzdə isə Avropa və Amerikada görmək olar. Şeir yazmaq bilikli, müstəqil olmaq, sözü seçərək ifadə etmək deməkdir. Şeir insanın mənəvi zirvəsidir. Natiq çalışdığı ali təhsil ocağının fəaliyyətinə də toxundu: “Əmin olun ki, sizin övladlarınız, bizim övladlarımız olaraq ortaq tarix, ədəbiyyatı öyrənib öz vətənlərinə gedəcəklər. Çox qədim zamanlardan türklərin ortaq dili, yazısı olub. Dünyanın ən yüksək mədəniyyətlərini qurublar. Bilgə xan böyük söz ustadı, dövlət adamıdır. Molla Pənah Vaqifin dönəmində də güclü türk dövlətləri mövcud olub. Biz fəxr edirik ki, sizinlə birlikdə qədim türk torpağındayıq və Molla Pənah Vaqif kimi böyük şairin yubileyini qeyd edirik. Universitetə dünyanın hər tərəfindən tələbə gələndə biz hər ayın bir həftəsini türk dövlətlərindən birinə həsr edəcək, həmin gün tədbirlər düzənləyəcəyik. Bu gün Türküstan tarixi bir gün yaşayır. Buna görə sizlərə nə qədər təşəkkür etsək də, azdır”. 
   Sonra Askar Turqanbayev və Osman Baş çıxış edənlərə TÜRKSOY adından hədiyyə təqdim etdilər. 
   
   Həyatı gərgin, özü nikbin
   
   Daha sonra tədbir iştirakçılarına M.P.Vaqifin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olundu. Tədbir konsert proqramı ilə davam etdirildi. 
   Mərasimin ikinci hissəsində qazax ədəbiyyatşünası, professor Kulbek Ergöbek Sarsenulinin moderatorluğu ilə çıxışlar başladı. Əvvəlcə ədəbiyyatşünasın özü Vaqifin həyat və yaradıcılığından bəhs etdi. Azərbaycan poeziyasının tarixinə toxunan K.Sarsenuli bildirdi ki, şairin ədəbi ənənələrini müasir dövrdə Səməd Vurğun davam etdirib.
   TÜRKSOY-un Qırğızıstan təmsilçisi, Xalq şairi Kocageldi Quliyev bildirdi ki, türk dünyası ilk növbədə bir ruh dünyasıdır: “Bizlər Molla Pənah Vaqif dühasının işığına toplaşmışıq”.
   Dəyanət Osmanlı iştirakçıları Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun adından salamladı və “Molla Pənah Vaqif və Azərbaycan ədəbiyyatı” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, Vaqif Qarabağda məktəb açmışdı və uşaqlara pulsuz dərs verirdi: “Onun öz şagirdləri var idi. Şeirləri dillər əzbərinə çevrilmişdi. Qarabağ xanı onu saraya dəvət edir. Baş vəzir vəzifəsinə qədər yüksəlir. Vaqif türk dünyası ədəbiyyatının yaxınlaşması baxımından bir sıra işlər görüb. Həyatı gərgin olsa da, nikbin insan olub, əsərlərində türk ruhunu əks etdirib. 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilib. Erməni işğalçıları tərəfindən 1992-ci ildə Şuşanın işğalı zamanı vəhşicəsinə dağıdılıb. Arzu edirəm ki, zəfər bayramını və Vaqifin yubileyini bir yerdə işğaldan azad edilən torpaqlarımızda qeyd edək”. 
   Tanınmış şair Xeyrəddin İvgin isə qonaqları Türkiyədən gələn şairlər adından salamladı, Vaqifin türk dilinə çevrilmiş şeirlərini oxudu. 
   Şairə Güllü Karanfil (Qaqauz Yeri, Moldova) əvvəlcə qaqauzlar haqqında məlumat verdi. Bildirdi ki, Qaqauz Yerində 160 min qaqauz yaşayır. 1994-də qaqauzlar Moldovada kiçik muxtariyyət qazandılar. Kiçik universitetləri var, amma məktəblərdə təhsil rus dilində aparılır. Sonra şair “Qar dənəsiyəm” adlı şeirini oxudu. Tədbir universitetin musiqi kollektivinin konsert proqramı ilə davam etdirildi. 
   * * *
   Günün ikinci yarısında türk dünyasının şairləri bir araya gələrək öz şeirlərini oxudular. Sonra tədbir iştirakçılarına təşəkkür plaketləri təqdim edildi. Şairlər həmçinin Kulbek Ergöbek Sarsenulinin öz imkanları hesabına açdığı və türk dünyası ədəbiyyat nümnələrindən ibarət olan kitabxana, qalereya və muzeylə tanış oldular. 
   Tədbir çərçivəsində qonaqlar Türküstanın tarixi məkanları, o cümlədən Xoca Əhməd Yasəvi türbəsi və şəhərin turizm məkanları ilə tanış oldular. 
   Bir sözlə, fərqli türk ölkələri və toplumlarından gələn 25 şairin görüşü maraqlı təəssüratlarla yadda qaldı. 
      
   Mehparə Sultanova
   Ankara