Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müqəddəs Qurban bayramı münasibətilə mədəniyyət və turizm ictimaiyyətinə təbrik ünvanlayıb.
Təbrikdə qeyd olunur ki, müsəlman aləminin ayrılmaz bir hissəsi olan Azərbaycanda həmişə mütərəqqi mənəvi dəyərlərin qorunması və təbliğinə həssaslıqla yanaşılmışdır. Sülh və humanizmi əsas götürən islam dininin insanları ədalətə çağıran dəyərlərini uca tutan xalqımız bir çox ayinlərin dəqiqliklə yerinə yetirilməsinə ciddi önəm verir. İslam dünyasının yüzilliklərdən bəri yaşatdığı Qurban ənənəsi də bəşəri humanizmə, birliyə, bərabərliyə xidmət edir.
Bildirilir ki, Qurban bayramı Azərbaycan xalqının mənəvi aləmində müstəsna yer tutur. Tanrıya inam və etibarın sarsılmazlığını simvolizə edən bu ayin insanları xeyirxah amallara çağırır, onların mənəvi rahatlığına vəsilə olur. İnsanlar Tanrının sonsuz qüdrət və mərhəmətinə şükür edir, qurbanlar kəsərək imkansızlara bağışlayırlar. Qurban bayramı ölkəmizin hər yerində böyük ruh yüksəkliyi ilə qeyd edilir.
Təbrikdə vurğulanır ki, mübarək bayramda kəsilən qurbanlar, edilən dualar Tanrı dərgahında qəbul olunsun, ölkəmizin və xalqımızın birliyi pozulmasın, əmin-amanlığımız daimi olsun.
Nazir Əbülfəs Qarayev təbrikin sonunda mədəniyyət və turizm ictimaiyyətinə müqəddəs Qurban bayramı münasibətilə möhkəm cansağlığı, xoşbəxt günlər, ailə səadəti və yeni-yeni uğurlar arzulayıb.